Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

15:18 11-10-2019 574

Bakının Xəzər rayonu Binə qəsəbəsində ailə münaqişəsi baş verib. 

Bununla bağlı HerGun.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. 

Məlumdur ki, oktyabrın 10-u, saat 20:00-da 1971-ci il təvəllüdlü Bədəlov İlham Şura oğlu münaqişə zamanı burğacla 1970-ci il təvəllüdlü bacısı Aygün Bədəlovaya hücum edib. O, bacısına qarın nahiyəsinə çoxsaylı nüfuz edən xəsarətlər yetirib.

Daha sonra o, “KİA” markalı avtomobilinə əyləşərək, maşını qardaşı 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib. Xəsarət alanlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, həkimlər xəstələrin vəziyyətini ağır stabil qiymətləndirib. 

İlham Bədəlov saxlanılıb. Ona qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.  

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs deyib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. Həmin şəxsin böyrək çatışmazlığından əziyyət çəkdiyini və dializ aparatına qoşulu olduğu bildirilib.

İ.Bədəlov deyib ki, o, demək olar ki, bütün sutkanı işləyir, evdə ondan başqa üç bacısı və üç qardaşı var. Ancaq buna baxmayaraq, heç kəs atasının qayğısına qalmır. Bu da Binə sakininin cinayətinə səbəb olub. 

Faktla bağlı araşdırmalar davam edir.

Ramella İbrahimxəlilova