Velosipedçimiz fotofinişlə ikinci oldu

02:00 13-10-2019 452

Türkiyənin Ədirnə şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Fateh Sultan Mehmet Edirne” turu keçirilib. 124 km-lik yarış Azərbaycan yığma komandası üçün uğurla başa çatıb. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından HerGun.Az-a verilən məlumata görə, yığmamız qardaş ölkədə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə çıxış edib.  

Yığma üzvlərimizdən ikisi finişi 15 nəfərlik lider qrupun tərkibində keçib – 2 saat, 57 dəqiqə, 25 saniyə. 

Fotofinişə əsasən Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olub. 

Oktyabrın 13-də yığma komandamız Türkiyədə növbəti birgünlük yarışda – 1.2 kateqoriyalı “Fateh Sultan Mehmet Kirklareli” turunda mübarizə aparacaq və daha sonra 2.1 kateqoriyalı Peninsula Turunda iştirak etmək üçün Malayziyaya yola düşəcək.