Dünya Çimərlik Oyunlarında Azərbaycan üçüncü medalı qazandı

23:27 14-10-2019 762

Bu gün Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa start verilib.  

HerGun.Az xəbər verir ki, Kənan Əliyev (-90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb.  

Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.  

Ancaq Pənah İlyaslı (-70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib.  

Rumıniyalı Stefan Yonuts Komanı da 3:0 hesabıyla üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan Pənah gümüş medala sahib çıxıb.  

Qeyd edək ki, oktyabrın 15-də İbrahim Yusubov (-80 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaq.  

Bununla da Dünya Çimərlik Oyunlarında medallarımızın sayı üçə çatıb. Daha əvvəl iki akvatlon idmanı üzrə yarışmış Kseniya Levkovskaya gümüş, Rostislav Pevtsov bürünc medal qazanmışdı.