Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək

09:36 16-10-2019 539

Bu günədək Azərbaycan və İtaliya arasında 44 sənəd imzalanıb. Onların arasında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.

HerGun.Az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları həcmində olub.

“Cari ilin yanvar-avqust aylarında bu göstərici 4,12 milyard ABŞ dolları təşkil edib”, - deyə O.Əsədov əlavə edib.

Spiker bildirib ki, Azərbaycan Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır:

“Ölkəmizin təşəbbüskarı olduğu neft və qaz kəmərləri, reallaşmaq üzrə olan TANAP və TAP layihələri bu fikri bir daha təsdiqləyir.

Azərbaycanın təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək yüz il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir.

Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı ən qısa yolla  birləşdirən mühüm nəqliyyat qovşağıdır. Biz gələcəkdə iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindəyik”.

Aqşin Kərimov