İtaliya A Seriyasında çıxış etmiş futbol klubu müflis oldu - RƏSMİ

16:09 18-10-2019 676

İtaliyanın “Palermo” (Unione Sportiva Citta di Palermo) klubu fəaliyyətini dayandırıb.

“Football Italia” xəbər verir ki, Palermo şəhər məhkəməsi klubun müflis olduğunu rəsmən təsdiqləyib.

1987-ci ildə yaradılan indiki klubun sabiq sahibi Maurisio Dzamparininin oğlu Andrea Dzamparini “Palermo”nun xilası üçün 10 milyon avro təklif edib. Lakin bu məbləğ borcların ödənməsi üçün yetərli olmayıb.

“Palermo” ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan 1920, 1941-ci illərdə yenidən təsis edilib. İndiki klub isə 1987-ci ildə yaranıb. Tarixinin ən böyük uğurları da məhz bu komandanın payına düşür.

İki dəfə A seriyasında V yeri tutan komanda, 2011-ci ildə ölkə kubokunun finalçısı olub. Uruqvay millisinin hücumçusu, hazırda Fransanın PSJ klubunda çıxış edən Edinson Kavani 2007-2010-cu illərdə burda çıxış edərək məşhurlaşıb. Ötən mövsümdə B seriyasında çıxış edən klub maliyyə pozuntularına görə oradan kənarlaşdırılıb.

Qeyd edək ki, bu ilin yayında yeni – beşinci “Palermo” (Societa Sportiva Dilettantistica Palermo) klubu yaradılıb və bu komanda hazırda D seriyasında çıxış edir.