“Romgaz” və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

17:00 24-10-2019 584

“S.N.G.N. Romgaz S.A.” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) şirkətləri arasında geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan Report-a verilən məlumata görə, memorandumun məqsədi Azərbaycan və Rumıniyanın, eyni zamanda, beynəlxalq birliyin ümumi maraqlarına xidmət edən layihələrin inkişafı naminə strateji əməkdaşlıq qurmaqdır.

“Romgaz” şirkətinin baş icraçı direktoru Konstantin Adrian Volintiru bununla bağlı deyib ki, SOCAR kimi bir tərəfdaşla əməkdaşlıq hər iki şirkətə qarşılıqlı fayda verəcək əla imkandır:

“Neft və qaz sənayesində oxşar tarixə malik iki ölkə arasında nou-hau, texnologiya və təcrübə mübadiləsi uğurlu əməkdaşlığa yol açacaq. Ən son texnologiyalar və təcrübələr vasitəsilə az tədqiq olunmuş hövzələrdə əhəmiyyətli kəşflər etmək olar”.

Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı “Romgaz” 70%-i dövlətə məxsus olan şirkətdir. Buxarest və London birjalarında qeydə alınmış bir şirkət olan "Romgaz" təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğul olur.

SOCAR qlobal miqyasda fəaliyyət göstərən dövlət şirkətidir. Şirkətin fəaliyyət sahələri arasında neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli üstünlük təşkil edir.

SOCAR ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının satışı ilə məşğuldur. Şirkət əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik, şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməyi hədəfləyir.