Azərbaycanda futbolçunun qətl törədən atasına hökm oxundu

16:40 29-10-2019 575

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

HerGun.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. 

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib. O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib.

Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub. 

Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Qeyd edək ki, mərhumun oğlu Nurlan Novruzov “Səbail”, “Bakı”, “Zirə” kimi klublarının oyunçusu olub. O, Türkiyə klublarında da forma geyinib. N.Novruzov 2014-2015-ci il mövsümündə “Bakı”nın heyətində 15 qol vuraraq Azərbaycan çempionatında bombardiri olub. Hazırda isə Moldovanın “Dinamo-Avto” klubunda karyerasını davam etdirir.