Faiq Həsənov: Qadın şahmatçılarımız gümüş medal qazanmağa da yaxın idi

01:00 04-11-2019 478

Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

HerGun.Az xəbər verir ki, şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında qazanılan bürünc medalı ölkə idmanının böyük uğuru kimi qiymətləndirib:

“Qadın şahmatçılar əzmkarlıq və ustalıq göstərdilər. Son turda Ermənistan komandası üzərində parlaq qələbə bürünc medal qazanmağımızda həlledici rol oynadı. Milli gümüş medal da qazanmağa yaxın idi. Sadəcə sonda üçüncü yerlə kifayətlənməli olduq. Ümumilikdə zərif cinsin nümayəndələrindən razıyıq. Qızlarımız sözün əsl mənasında ölkə şahmatı tarixində yeni səhifə açdı”.

Avropa çempionatında son turda Ermənistanla görüşdə birinci lövhədə qələbə qazanan Günay Məmmədzadə bürünc medalı karyerasının önəmli nəticəsi adlandırıb:

“Karyeramda önəmli nəticədir. Bu uğurun qazanılmasında komandamızın hər bir üzvünün rolu var. Federasiyanın qayğısını, üstəlik məşqçilərin zəhmətini qeyd etməliyəm. Son turda hər bir şahmatçının mühüm tapşırığı var idi. Gecə saatlarına qədər hazırlaşmışdıq. Mən qələbə qazanandan sonra komanda yoldaşlarım mütləq bərabər vəziyyəti qorumalı idi. Sonda qazandığımız qələbə yığmamıza Avropa çempionatında üçüncü yeri təmin etdi”.

Avropa çempionatının bürünc medalçısı Türkan Məmmədyarova Batumidəki uğurun gələcək karyerasına təsirsiz ötüşməyəcəyini bildirib:

“Həmişə kişi komandasından uğur gözləyirlər. Bundan sonra hər iki komandamıza inam olacaq. Ümumiyyətlə biz həmişə iddialı olmağa çalışmışıq. Son illər göstərdiyimiz nəticə medala yaxın olduğumuzu göstərirdi. Həmişə əmsallara görə 3-5, 3-6-cı yerləri tuturduq, medalın bir addımlığında dayanırdıq. İndi bürünc medala layiq görüldük”.

Milli komandanın şahmatçısı Gülnar Məmmədova həyəcanlı olduğunu söyləyib:

“Dəstəyə görə hamıya təşəkkür edirik. Bürünc medal barədə danışmaq asan deyil. Komanda yarışlarında bir yumruq kimi mübarizə aparmaq lazımdır. Bu dəfə millimiz birləşərək bütün oyunlarda maksimum gücünü ortaya qoydu. Bürünc medal qarşıdakı uğurların başlanğıcıdır".

Batumidə milliyə dəstək olan Zeynəb Məmmədyarova qadın şahmatçılara gələcəkdə də dəstək olmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün hazırlıq planı tərtib olunmalıdır.

Xatırladaq ki, Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq bürünc medal qazanıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.