Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi

16:00 18-11-2019 778

Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Altay Rəfiyevin barəsində olan hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən kassasiya şikayətinə baxılıb. 

HerGun.Az xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.  

Qeyd edək ki, 2016-cı ilin yayında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün keçirilən əməliyyat zamanı Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi olmuş polis mayoru A.Rəfiyev səhlənkarlıq nəticəsində polis yoldaşı Vasif Bağırovu güllə ilə vuraraq öldürüb. 

Məlumata görə, T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılıb. 

Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq öldüyü bildirilib. 

Daha sonra keçmiş Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi, polis mayoru A.Rəfiyev sərəncama göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Rəfiyev 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3  il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi S.Bağırova və məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilərək, qərar dəyişdirilib. 

Belə ki, məhkumun cəzası 4 il 6 aya qaldırılıb. 

Daha sonra hər iki tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.