Türkiyəli aktrisa: Açıq-saçıq və öpüşmə səhnələrinə çəkilərəm, amma belə təklif gəlməyib - FOTO

13:20 27-11-2019 610

“Öyle bir geçer zaman ki”, “Kocamın ailəsi” və “Hangimiz sevmedik” serialları ilə tanınan aktrisa Yeliz Kuvancı Bakıda keçirilən V Türk Filmləri Həftəsi məqsədilə paytaxtımıza qonaq gəlib.

HerGun.Az-a açıqlama verən aktrisa ona qarşı olan xoş münasibətdən və reaksiyadan məmnun qaldığını açıqlayıb:

“İlk dəfədir ki, Bakıya gəlirəm. Buranı çox bəyəndim. Şəhərin mərkəzini və Dənizkənarı bulvarı gəzdik. Sabah yenidən gəzintimizə davam edəcəyik.

Yeməkləriniz bizim mətbəxə çox yaxındır. Müəyyən oxşarlıqlar və dadında bənzərliklər var.

Bizim seriallarımız burada yayımlandığı üçün tanınırıq. Ona görə də bizi görənlər öncə inanmırlar. Məsələn, bu gün bir taksi sürücüsü məni görüb şoka düşdü. İnana bilmədi ki, mənəm. Çox sevinib şəkil çəkdirdi. Başqa ölkədə məşhur olmaq gözəl hissdir. İnsanlarınız çox istiqanlıdır.

Çox istərdim ki, ölkələrimizin ortaq bir layihəsi olsun, mən də həmin filmdə çəkilim. O zaman bir ay Bakıda qala bilərəm. Qısa müddətlik olsa da, burada yaşamaq istəyərəm”.

“Açıq-saçıq və öpüşmə səhnələrində oynayarsınız?” sualına cavabında Yeliz Kuvancı hər şeyin mümkünlüyünü vurğulayıb.

“Bir ildir ki, ürəyimcə olan və məni özünə cəlb edə bilən layihə olmadığı üçün işlərimə fasilə vermişəm. Hazırda görüşmələrimiz davam edir. Komediya layihəsində oynamağı çox istəyirəm.

Qeyd edim ki, açıq-saçıq və öpüşmə səhnələrinin reytinq qazandırdığını düşünmürəm. Hər şey rakursdan asılıdır. Ssenariyə əsasən, lazım olan hər şeyi etmək olar. Əvvəlcə o səhnənin önəmli olmasına inanmaq və obraza güvənmək lazımdır. Səndən istənilən şeyin haqqını vermək əsasdır. Hələlik belə bir təkliflə qarşılaşmamışam”.

Sevinc Yasinqızı