Azərbaycanda əsas vergi güzəştləri açıqlandı

11:40 03-12-2019 499

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. 

HerGun.Az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.

“Quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı beş il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin üç təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir”, - deyə S.Musayeva qeyd edib.

O bildirib ki, bundan başqa, peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad edilməsi, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin bir il müddətinə ƏDV-dən azad edilməsi, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması da sosial xarakterli güzəştlərə aiddir.

İlhamə Əbülfət