Şenol Günəş Elxan Məmmədova Türkiyə millisinin formasını bağışladı

20:00 05-12-2019 429

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşlə görüşüb.  

HerGun.Az xəbər verir ki, görüş zamanı Türkiyə milli komandasının Avro-2020-nin final mərhələsinin A qrupunda iki oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib.  

Qeyd olunub ki, oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacağı bildirilib.  

Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.  

Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Günəş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.  

Qeyd edək ki, Şenol Günəş Türkiyə millisinin Bakıda məşq edəcəyi Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu və “Bakcell Arena”nın durumuna nəzər salıb. 

Səbuhi Musayev