UFC Həbiblə Konorun revanş görüşünü təşkil edə bilər

20:00 06-12-2019 416

UFC prezidenti Deyn Uayt Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında təkrar görüş keçirilməsinə etiraz etmir.

Həbiblə Konor arasındakı məşhur döyüşdən bir ildən çox vaxt keçsə də, hələ də bu mövzuda mübahisələr davam etməkdədir. O vaxtdan Həbib çempionluq titulunu qorumaq üçün Puarye ilə görüşüb qalib gəlsə də, bu döyüş elə də gündəmdə qalmadı. İndi təşkilatçılar Həbiblə Konor arasında revanş görüşün keçirilməsi haqqında ciddi düşünürlər. Lakin bunun üçün bir neçə şərt var.

UFC prezidenti “Rich Eisen Show” proqramında bu şərtləri açıqlayıb:

“Əvvəlcə Konor Kovboya qalib gəlməlidir – bu çox çətin olacaq, xüsusilə orta çəkidə. Bir də Həbib Toni Ferqyusonu məğlub etməlidir. Əgər hər iki döyüşçü qalib gəlsə, biz onların revanşını təşkil edə bilərik”.

Qeyd edək ki, Makqreqor növbəti döyüşünü gələn ilin 18 yanvarında Las-Veqasda, Həbib isə 18 apreldə keçirəcək.