Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxslə bağlı qərar çıxarıldı

11:20 11-12-2019 805

Bakı Apellyasiya Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun barəsində olan hökmdən verilən  apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

HerGun.Az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, B.Yaqubovun apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova yeddi bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.