Yuxusuzluq yaradan məhsullar müəyyən edildi

03:20 14-12-2019 505

Kolumbiya Universitetinin (ABŞ) nəzdində olan Həkimlər və Cərrahlar Kollecinin tədqiqatçıları tərkibində yüksək miqdarda təmizlənmiş karbohidratlar olan ərzaq məhsullarının yuxusuzluq ehtimalını artırdığını müəyyən ediblər.

Alimlərin gəldikləri nəticə “Medical Xpress” portalında təqdim olunub.

Belə məhsullara, məsələn, ağ çörək və düyü daxildir. Bu ərzaqlar qanda şəkərinin səviyyəsinin sürətlə artmasına gətirib çıxaran yüksək qlikemik indeksə malikdir.

“Qanda şəkərin səviyyəsi sürətlə artan zaman, orqanizm insulin ifraz edərək reaksiya verir  və nəticədə, qanda şəkərin azaldılması adrenalin və kortizol kimi hormonların hasil edilməsinə gətirib çıxarır ki, bu da yuxusuzluğa səbəb ola bilər”, - məqalədə deyilir.

Belə bir əlaqə yaratmaq üçün həkimlər qidalanma gündəliklərini aparan 50 mindən artıq qadının məlumatlarını araşdırıblar.

Bununla yanaşı,  onlar müəyyən ediblər ki, tədqiq olunanların yuxusuna tərəvəz, meyvə və sellülozalı  rasion yaxşı  təsir edib.