Azərbaycanda yeni jurnalist assosiasiyası yaradılır: Yanvardan fəaliyyətə başlayacağıq

19:20 30-12-2019 749

Yaxınlarda Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA )fəaliyyətini tənqid etmişdi. O bildirmişdi ki, həmin qurumun fəaliyyətindən narazıdır və yeni assosiasiya yaradılmasına ehtiyac var.

HerGun.Az bu münasibətlə “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevlə əlaqə saxlayıb.

O bildirib ki, Azad Rəhimov bu barədə onunla danışıb:

“Bir dəfə Azad müəllimlə bu barədə söhbətimiz olub. Mən əvvəl AİJA üzvü olsam da, özüm də bu qurumun fəaliyyətsizliyindən narazıyam. Ona görə də artıq orada təmsil olunmuram. Böyük ehtimalla, yanvarda yeni qurumun fəaliyyəti ilə bağlı məlumat verəcəyəm. İdman jurnalistlərini bir araya toplayıb onların fikrini öyrənməyə çalışacağam”.

Əməkdar jurnalist, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvlərindən olan Qabil Mehdiyev bildirib ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına (AIPS) AIJA üzv olduğundan, həmin quruma daxil olmaq nisbətən çətindir:

“Əslində jurnalistləri toplamaqda bir məqsədimiz də budur. Biz AIPS-ə üzv olmaq üçün müraciət etməliyik. Yeri gəlmişkən, ora müraciət haqqı iki il üçün 50 avro təşkil edir”.   

Səbuhi Musayev