Yunan-Roma güləşçilərimiz bayram günü Rusiyada hazırlıq keçəcək

22:40 30-12-2019 777

Yunan-Roma güləşi üzrə yığmamız yeni ilin ilk günlərindən növbəti təlim-məşq toplanışına start verəcək.

HerGun.Az xəbər verir ki, millimiz yanvarın 2-dən 16-dək Rusiyanın Saransk şəhərində hazırlıq prosesi keçəcək.

Həm fiziki, həm də taktiki çalışmaların həyata keçiriləcəyi toplanışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi -60 kq), Taleh Məmmədov (-63 kq), İslambəy Dadov (-67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi -72 kq), Həsən Əliyev (-77 kq), Rafiq Hüseynov (-82 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi -130 kq) iştirak edəcək.

Olimpiya mükafatçımız Rəsul Çunayev isə Belarusda məşqlərdə aldığı zədəsi ilə əlaqədar olaraq istirahət edəcək. Digər yığma üzvləri isə böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Bakıda – Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək Qran-Pri turniri olacaq. Heyət yarış ərəfəsində ictimaiyyətə açıqlanacaq.