Vasif İsrafilov böyük coşqu ilə qarşılandı - FOTO

11:00 27-01-2020 455

56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu 25 yanvar 2020-ci ildə Xaçmaz rayonunda bir sıra görüşlər keçirib.

Xaçmaz rayonu, Həsənqala, Pirqulu oba, Yeni Sudur oba, Yeni Həyat kəndi, Həbibkənd kəndi, Əhməd oba, Hacıəhməd obada Vasif İsrafilovu kəndlərin sakinləri böyük izdihamla qarşılayıb.

Sakinlər kəndlərdə olan problemləri namizədin nəzərinə çatdırıb, qeyd ediblər ki, son Milli Məclisə keçirilən beş seçkidə heç vaxt dairədən olan şəxslər deputat seçilməyib, onlar seçkilərdən sonra deputatların üzünü heç vaxt görməyib, deputatlar seçkidən sonra heç vaxt əhali ilə maraqlanmayıb.

Rayon əhalisi cənab Prezidentin apardığı demokratik islahatları dəstəkləyir, seçkilərin şəffaf keçiriləcəyi barədə ölkə başçısının son tapşırıqlarına əməl olunacağına ümid edir, bu seçkilərdə rayondan olan, öz istədikləri namizədin seçilməsini istəyirlər.

Kənd sakinləri bildiriblər ki, hazırda nümayəndəliklər, bələdiyyələr, digər admnistrativ orqanlar müəllimləri, həkimləri, dövlət qurumlarında işləyən digər şəxsləri iş vaxtı rayon vətəndaşı olmayan bitərəf xanım namizədlə görüşə aparırlar, rəhbərlik tərəfindən xanım namizədin dəstəkləndiyini bildirirlər. Bu onların iradəsinə ziddir, Kənd sakinlərini bu hal çox narahat edir.

Həsənqala kəndində olarkən kənd sakinləri məktəbin təmirə ehtiyacının olduğunu, kənddə qazın olmasına baxmayaraq, məktəbin istilik sisteminin olmadığını, məktəbdə faktiki olaraq dərs şəraitinin olmadığını, suvarma sistemlərinin pis olduğunu, yolun təmirə ehtiyacının olduğunu Vasif İsrafilovun nəzərinə çatdırıblar. V.İsrafilov məktəbin vəziyyəti ilə tanış olub.

Yeni Sudur, Pirqulu oba kəndlərində olarkən kənd sakinləri kənd məktəbinin təmirə ehtiyacının olduğunu, suvarma sistemində problemlərin olduğunu, işıq sistemində problemlərin olduğunu qeyd ediblər.

Yeni Sudur kənd sakini, 2-ci qrup əlil Hacıyev Əli evinin yandığını, hazırda yaşamağa yerinin olmadığını bildirib. Vasif İsrafilov Əli Hacıyevin evində vəziyyətlə şəxsən tanış olub.

Yeni Həyat kəndində olarkən kənd əhalisi otlaq yerlərinin olmadığını, suvarma və içməli su problemlərinin olduğunu, məktəbdə istilik sistemində problemlərin olduğunu, tibb məntəqəsinin təmirə ehtiyacının olduğunu, kənd ərazisindən keçən magistral yolun inşası zamanı yolun ərazisinə düşən əhalinin torpaqğlarına görə bəzi şəxslərə kompensasiyanın verilmədiyini qeyd ediblər.

Vasif İsrafilov məktəbin vəziyyəti ilə tanış olub, eyni zamanda, kənd sakinlərinin nəzərinə çatdırdığı aztəminatlı Telman adlı şəxsin ailəsi ilə görüşüb. Görüş zamanı məlum olub ki, ailənin təbii qazı borca görə kəsilib, ailənin bütün üzvləri xəstədir.

Həbibkənd kəndində olarkən kənd sakinləri, işıq, suvarma sistemlərində problemlərin olduğu, otlaq yerlərinin olmadığını, məktəbin təmirə ehtiyacının olduğunu qeyd ediblər.

Əhməd oba və Hacıəhməd oba kəndlərində olarkən kəndlərin sakinləri, ümumiyyətlə yollarının olmadığını, suvarma sistemlərinin olmadığını, kəndlərdə mavi yanacağın olmadığını qeyd ediblər.

Vasif İsrafilov cənab prezident İlham Əliyevin xüsusi nəzarəti altında rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.