Canlı genetik silah “azadlığa buraxıldı”

07:20 01-02-2020 706

Kornell Universitetinin (Nyu-York, ABŞ ) alimləri kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə qarşı silah kimi nəzərdə tutulan genetik cəhətdən modifikasiya olunmuş kələm güvəsi “Plutella xylostella”nı çöl şəraitində sınaqdan keçiriblər.

Bu barədə “Phys.org”  nəşrində yerləşdirilmiş press-relizdə deyilir.

Relizə əsasən, tədqiqatçılar azadlığa  modifikasiya olunmuş erkək güvələr buraxıblar ki, onlar dişi ilə cütləşdikdən sonra dünyaya gələn yeni fərdlərə dişi tırtılların sağ qalmağına imkan verməyən geni ötürürlər.

Genetik cəhətdən modifikasiya olunmuş həşəratların vaxtaşırı buraxılması zərərvericilərin yabanı şəraitdə çoxalmasına təsir göstərir. Gen populyasiyada təsbit edilir və bir neçə nəsil sonra güvənin tam yox olmağına gətirib çıxarır.

İstixanalarda aparılan ilkin tədqiqatlar göstərdi ki, həşəratların özünüməhdudlaşdıran xəttinin buraxılması zərərvericilərin populyasiyasını effektiv şəkildə azaldır və insektisidlərə davamlılığın yaranmasının qarşısını alır.

Bu texnologiya “gen daşıma” (gene drive) adlanır və insan tərəfindən dəyişdirilmiş genləri heyvanlar və ya bitkilər arasında tez bir zamanda yaymağa imkan verir. Alimlər bu üsuldan, həmçinin malyariya ağcaqanadlarının populyasiyasını azaltmaq və ya məhv etmək üçün istifadə etmək istəyirlər.