Namiq Qaraçuxurlu: “Tam sağlam deyiləm” - ÖZƏL

11:40 03-02-2020 566

“Ekrana çıxmamağımın səbəbləri çoxdur. Bir-bir bu məsələləri sadalamaq istəmirəm. Sənət adamları efirlərdə baş verənlər haqqında tez-tez danışırlar. Bunları danışmağa ehtiyac yoxdur”.

Bunu HerGun.Az-a açıqlamasında məşhur meyxanaçı Namiq Qaraçuxurlu deyib.

Sənətçi toyların az olduğundan şikayətçi olsa da, qazancının onu qane etdiyini söylədi:

“Əvvəlki illərdən fərqli olaraq, toylardan o qədər də pul qazanmıram. Amma indi də pis deyil, normaldır, aldığım qonorardan razıyam. Nə qədər çox işləsək, çox çalışsaq da, ətrafımız bizdən qat-qat yaxşı dolanır. Ona görə də aldığım qonorara qane oluram”.

Namiq sonra “Məni konsert aləmindən qaçıranlar konsert işləri ilə məşğul olan şəriştəsiz, naşı və kələkbaz insanlardır”, - deyib, konsert mövzusunda qalmaqallı açıqlamalar verdi:

“Dəfələrlə konsertimi etdilər, pulumu vermədilər, aldatdılar. Hətta elə də oldu ki, konsert etdik, nəinki qonorarımı vermədilər, hətta bütün texniki işlərin pulu boynumda qaldı. Məcbur olub onların da pulunu özüm ödədim. Bunlar məni çox yordu.

Bu sahədə qeyri-peşəkarların çox olması adamı konsert verməkdən soyudur. Həm də mən özümə yaraşdırmıram ki, öz cibimdən pul xərcləyib konsert edim. İstəyirəm ki, bu işləri müəyyən şirkətlər etsinlər. Onlardan mənə təklif gəlsin. Sirr deyil ki, bəzi müğənnilər ciblərindən pul xərcləyirlər və o pulları daha sonra Azərbaycandan kənarda toylardan çıxarırlar. Konsert verməyi çox istəyirəm. Bu barədə düşünürəm, amma bu kələkbazların əlindən çəkinir, qorxuram. Martda konsert vermək istəyirdim. Amma qaldı. Yəqin ki, yay aylarında konsertim baş tutar”.

Ötən il ayağından bir neçə dəfə əməliyyat olunan N.Qaraçuxurlu hələ də tam sağlam olmadığını dilə gətirdi:

“Tam sağlam deyiləm. Mart ayının 26-sı İsrailin paytaxtı Təl-Əviv şəhərində solo-konsertim olacaq. Konsertdə də gərək rəqs və müəyyən hərəkətlər edəsən. Hələ də onları etməkdən çəkinirəm, hoppanıb-düşə bilmirəm. Amma normal gəzirəm. Kiçik idman hərəkətləri edirəm”.

Rəşad Əliyev