Sərnişin avtobusunda piton təlaşı: Qutudan çıxıb itən ilan qorxu yaratdı - VİDEO

13:00 05-02-2020 428

Türkiyənin İstanbul şəhərindən Düzcə vilayətinə gedən sərnişin avtobusunda pitonla bağlı təlaş yaşanıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, sərnişinlərdən biri evində bəslədiyi pitonu xüsusi qutunun içində avtobusun yük yerinə qoyub. Ancaq ilan buradan çıxıb. Avtovağzalda düşdükdən sonra qutunu əlinə alan sərnişin bir müddət sonra ilanın olmadığının fərqinə varıb. Dərhal geri dönüb və sürücüyə xəbərdarlıq edib.

Avtobus sürücüsünün köməkçisi Melih Güvenc baş verənləri belə xatırlayır:

“Hamı düşdükdən sonra nəqliyyat vasitəsini yumağa apararkən sərnişinlərdən biri gəlib əlindəki qutuda heyvanının olmadığını bildirdi. Sərnişin itkisi barədə xəbər verdikdə, söhbətin pişik, yaxud it kimi ev heyvanından getdiyini düşündük. Lakin axtarılan canlının ilan olduğunu öyrənəndə qorxuya düşdük”.

Avtobusda axtarış aparıldıqdan sonra ilan ehtiyat təkər bölməsində tapılıb və sahibinə təslim edilib.

“Piton ilanının zəhərli ola biləcəyindən qorxduq. Sərnişin onun evdə bəslənildiyini bildirsə də, yenə də avtobusdan çıxardıqdan sonra arxayınlaşdıq. Yataq bölgələrinə getsəydi, bizim üçün problem yaranardı… Belə bir təhlükədən xilas olduq”, - deyə sürücünün köməkçisi bildirib.