Rauf Nağıyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO

21:20 06-02-2020 538

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş YAP-ın Yasamal rayon təşkilatının inzibati binasında baş tutub.

Görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayon ağsaqqalları, partiya üzvləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Deputatlığa namizəd Rauf Nağıyev əvvəlcə ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların ölkənin ümumi inkişafına verdiyi töhfələrdən danışıb.

R.Nağıyev daha sonra özü və platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

O bildirib ki, təşviqat kampaniyası çərçivəsində 1000-dən çox seçici ilə görüşüb:

“Bundan əlavə, seçicilərlə yerlərdə görüş keçirdim. Onları narahat edən məsələlərlə dərindən tanış oldum və mənə ünvanlanan sualları cavablandırdım”.

Deputatlığa namizəd qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Yasamal rayonunda da böyük işlər görülüb və görülməkdədir.

R.Nağıyev rayon ərazisindəki problemlərdən də danışıb:

“Rayon ərazisində 142 binanın istilik sistemi yoxdur. Hətta rayonun 20 faiz ərazisində su fasilələrlə verilir. Hesab edirəm ki, bu da bugünkü günün tələblərinə cavab vermir. Bundan əlavə, rayon ərazisində sənədsiz evlər problemi də mövcuddur. Əgər mənə etimad göstərsəniz, bu məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün müvafiq qurumların qarşısında məsələ qaldıracağam”.

Daha sonra keçmiş deputat Aliyə Təhmasib, tanınmış ziyalı Aqil Rəhimov və digərləri çıxış edib. Onlar deputatlığa namizədə uğurlar arzulayıblar.