QDİƏT PM: “Azərbaycanda demokratik, ədalətli seçki keçirildi”

11:20 10-02-2020 435

“Azərbaycanda demokratik, ədalətli seçki keçirilib”.

HerGun.Az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyasının üzvləri parlament seçkilərinin nəticələrini açıqlayarkən bildiriblər. 

Müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk Azərbaycanda parlament seçkilərində müşahidəçi kimi iştirak etməkdən şərəf duyduğunu bildirib: 

“Prosesləri diqqətlə izlədik. Məntəqələrdə toplu səsvermə ilə bağlı neqativ hallara rast gəlmədik. Azərbaycan xalqını bu cür demokratik şəkildə keçirilən seçkilər münasibəti ilə təbrik edirəm. Seçicilər namizədlərini özləri seçdilər.

Seçkilər Azərbaycanın daha da güclənməsi, inkişafı üçün yeni başlanğıcdır. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olduq, bundan sonra da olacağıq. Bir millət - iki dövlət olduğumuzu hər zaman ifadə etmişik, bu gün də ifadə edirik. Seçkilərin nəticələrinin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyasında sülhə təsir edəcəyinə inanırıq”.

Qurumun baş katibi Asəf Hacıyev isə bildirib ki, təşkilata 76 millət vəkili daxildir:

“Nümayəndə heyətinə beş ölkənin nümayəndəsi daxildir. Ötən gün səhər saat 10:00-dan etibarən paytaxtın 10-dan çox seçki məntəqəsində proseslərin gedişini izlədik. Heç bir qayda pozuntusu olmayıb. Məntəqələrdə partiya nümayəndələri ilə ünsiyyətimiz oldu. Seçicilərin aktivliyi diqqət çəkirdi. Seçki hər bir ölkə üçün demokratiyanın ölçüsü kimi qiymətləndirilir.

Bu seçki göstərdi ki, demokratiyanın nə başlanğıcı var, nə sonu, əsas odur ki, bu dinamik prosesdə iştirak edəsən. Seçki prosesinin nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirildiyini deyə bilərik. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, seçicilərin 45 faizi məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə etdilər. İlkin nəticələrə görə, Yeni Azərbaycan Partiyası (YAP) qalib gəlib.

YAP bir daha göstərdi ki, formalaşmış, Azərbaycanı gələcəyə aparan partiyadır. İlkin nəticələrə görə, partiya 69 yer qazanıb. Azərbaycanda getdikcə demokratik proseslər daha da çox inkişaf edəcək”.

QDİƏT PM-in müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin isə deyib ki, Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirildi:

“Ən əsası, məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm.

Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis Azərbaycanın həyatında nə qədər böyük rol oynayır. Kim qələbə çalıbsa, düşünürəm ki, bu, ilk növbədə Azərbaycan xalqının qələbəsidir. Vətəndaşlar öz deputatlarını seçdilər. Ən böyük hakimiyyət xalqın hakimiyyətidir. Demokratik və şəffaf seçkilər üçün təşəkkür edirəm”.