Andrey Rudenko: Qarabağ münaqişəsinin həllində kömək Rusiyanın qeyd-şərtsiz prioritetlərindən biridir

17:20 11-02-2020 439

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçi mövqe tutub.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə bəyan edib.

“Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək qeyd-şərtsiz xarici siyasət prioritetlərimizdən biridir. Qarabağ məsələsi Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzindədir. Bu vəziyyət həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və onun nəticələrinə artan diqqəti müəyyənləşdirir”, - deyə Rudenko bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın bilavasitə vasitəçiliyi ilə imzalanan sənədlərə bu günə qədər atəşkəs üçün əsas olan və 1994-cü ildə imzalanan atəşkəs müqaviləsi də daxildir.

“Ölkəmizin vasitəçilik səyləri yolunda mühüm bir mərhələ 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllindən bəhs edən Moskva Bəyannaməsinin qəbulu oldu. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan liderləri tərəfindən bu günə qədər imzalanan ilk və yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında həlledici rol oynadı ”, - deyə A.Rudenko bildirib.

Nazir müavini vurğulayıb ki, Rusiya vasitəçilik missiyasını fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda həyata keçirir.

“Keçən ilin aprel ayında (Rusiyanın Xarici İşlər naziri) Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Moskvada Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşünü təşkil etdi. Görüşdə ötən il Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub”, - deyə A. Rudenko bəyan edib.

Onun sözlərinə görə, təkliflərin arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var.

“KİV nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və İlvin İbrahimov geri qaytarılıb. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir”, - deyə Rudenko əlavə edib.

Nazir müavini vurğulayıb ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da xüsusilə bu məsələ müzakirə edilib. 

“Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas məsələ siyasi iradə nümayiş etdirməkdir", - deyə Rusiya XİN rəhbərinin müavini vurğulayıb.