Gözlər MSK-da: Bu lider namizədlərlə bağlı şikayətlərə baxılacaq - SİYAHI

11:20 15-02-2020 502

Bu gün saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

HerGun.Az-ın məlumatına görə, iclasda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müraciətlərə baxılacaq.

29 saylı Səbail Seçki Dairəsindən olan şikayətlər müzakirəyə çıxarılacaq. Bu barədə həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Bəxtiyar Hacıyev deyib.

Bildirək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, 29 saylı Səbail Seçki Dairəsinin lider namizədi Nigar Arpadaraidir.  

Unikal.org saytı isə iclasda digər 10 seçki dairəsindən daxil olan müraciətlərə baxılacağını yazıb. Bildirilib ki, 15 saylı Yasamal Birinci, 28 saylı Səbail Üçüncü, 42 saylı Sumqayıt İkinci, 60 saylı Salyan-Neftçala, 72 saylı Yardımlı-Masallı, 79 saylı İmişli, 81 saylı Beyləqan, 95 saylı Tərtər, 91 saylı Ucar, 125 saylı Zəngilan-Qubadlı Seçki dairələrindən daxil olan şikayətlərə baxılacaq.

HerGun.Az xatırladır ki, müvafiq olaraq həmin dairələrdə lider namizədlər Ülvi Quliyev, Eldar Quliyev, Tahir Mirkişili, Fəzail Ağamalı, Musa Qasımlı, Razi Nurullayev, Şahin İsmayılov, Sahib Alıyev, Ramil Həsən və İmamverdi İsmayılovdur.  

Xatırladaq ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki Dairələrinin nəticələri etibarsız sayılıb.

Aqşin Kərimov