Tutulan icra başçısının “rəhbərlik etdiyi əməliyyatlar” - İDDİALAR

14:00 20-02-2020 400

Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub.

Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

HerGun.Az-ın xəbərinə görə, İsmayıl Vəliyevin adı bundan əvvəl xeyli qalmaqalda hallanıb.

Yerli mətbuatda İsmayıl Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb.

Məlumatların birində qeyd olunurdu ki, icra başçısı Neftaçalada özünə bazar tikdirib və bazarın ətrafındakı dükanları sökdürüb.

Ümumiyyətlə, İsmayıl Vəliyev yerli sahibkarları sıxışdırması xəbərləri ilə gündəmə gəlib.

Bundan başqa, icra başçının fəaliyyətinin rayonda kütləvi narazılıq yaratdığı haqqında da xəbərlər mediada yer alıb.

Onun Neftçala sakinlərindən pay torpaqlarını zorla alınması “əməliyyatına rəhbərlik etməsi” də yazılanlar siyahısındadır.

İsmayıl Vəliyevin qurduğu şəbəkənin rayonun səhiyyəsini bərbad hala qoyması yazılırdı.

İcra başçısının həkimlərə “tas” qoyması barədə məlumatlar informasiya məkanında dövriyyəyə buraxılıb.  

Bundan başqa, icra başçısının səyi və təşəbbüsü ilə xeyli işçinin maaşının mənimsənildiyi də bildirilir.

İcra başçısının qohumluq əlaqələrini işə salaraq vəzifəsindən sui-istifadə etməsi, bununla da rayonda bütün təşəbbüsü ələ alması barədə məlumatlar da mətbuat səhifələrində çoxdur.

Qeyd edək ki, İsmayıl Vəliyev 2011-ci ildən Neftçalanın icra başçısıdır.

Aqşin Kərimov