Gənc Nərgizin acı taleyi: “Gözüm ondan başqasını görmürdü, amma mən ona pul üçün lazım idim”

11:00 22-02-2020 330

“18 yaşımda valideynlərimin sözünə qulaq asmayıb, bir oğlana qoşulub qaçdım. Gözüm ondan başqasını görmürdü. Elə bilirdim ki, o da məni sevir. Ailələrimiz evlənməyimizə razı olmadı. Tək mən yox, o da ailəsinə qarşı çıxdı, evdən getdi. Hansı qız olsa, sevildiyini düşünər. Bakıya gəlib kirayə ev tapdıq. Amma sən demə, mən ona pul üçün lazım idim”.

HerGun.Az yolu sığınacaqlara düşən qadınlardan birinin acınacaqlı həyat hekayəsini təqdim edir:

Müsahibimiz “sevgi”sinə görə evini, ailəsini, bacı-qardaşlarını itirən 1986-cı il təvəllüdlü Nərgiz Rüstəmovadır (ad şərtidir). Ailədə iki bacı, iki qardaş olduqlarını deyən Nərgiz indi hər şey üçün peşman olduğunu, ailəsi üçün darıxdığını deyir.

Hər şey Rüfətə (ad şərtidir) rast gəldiyim gündən sonra dəyişməyə başladı:

“Ata evində o qədər problemimiz olmayıb. Təhsil almamışıq, amma mehriban dolanırdıq. 17 yaşımdan işləməyə başlamışam. Rayonumuzdakı gözəllik salonunda xadimə işləyirdim. Orada günümə 3-4 manat pula görə, bir il işlədim. Bir gün işdən çıxanda onu gördüm. Çox yaraşıqlı oğlan idi. Aşiq oldum. Hər işdən çıxanda gözüm onu axtarırdı. Aradan bir müddət keçdi, görmədim. Sonra bir gün yenə axşam saat 7-də işdən çıxırdım, gördüm kənarda dayanıb məni gözləyir. Yaxınlaşıb tanış olmaq istədiyini dedi. Mən də razı oldum. İlk görəndə ondan çox xoşum gəlmişdi. Nömrəmi götürdü. Bir müddət gizli-gizli danışdıq. O günə qədər ki, mən bu barədə anama dedim. Amma kaş elə anamın dediyinə əməl edərdim, onun arxasınca getməzdim”.

Nərgiz deyir ki, Rüfət onunla evlənmək istədiyini bildirəndə ailəsi buna razı olmayıb. Bundan sonra onlar kənddən qaçıblar.

“Yaxın münasibətdə olduqdan sonra mənə münasibəti dəyişdi...”

Nərgiz başına gələnlərdən çox peşman olduğunu deyib: 

“Anama bu barədə dedim. Rüfətin rayonumuzda hərbi xidmətdə olduğunu, bir il sonra hərbi xidmətini bitirib mənimlə evlənmək istədiyini dedim. Amma anam razı olmadı. Rüfətə görə çox ağladım, çox qurban verdim. Ona o qədər inanıb, sevmişdim ki, əsgərliyi bitirdikdən sonra ona qoşulub Bakıya gəldim. Onda mənim 18 yaşım, Rüfətin 19 yaşı vardı. İşsiz-gücsüz Bakıda bir ev tutduq. Dostunun koməyi ilə bir ay birtəhər dolandıq. O məni əmin edirdi ki, ailələrimiz yola gəlsin, toy edəcəyik. Sonra Rüfət mühafizəçi kimi işə başladı. Daha yaxşı evə keçdik. Az sonra isə o, işdən çıxdı. Mən də səhər dönərxanada, axşam isə gözəllik salonunda xadimə kimi işləyirdim. Hər günümə 6 manat dönərxanadan, 4 manat da gözəllik salonundan alırdım. İkinci işimə gedəndə üzərimdən yağ qoxusu gəlməməsi üçün evə gedib yuyunmaq istədim. Evə gələndə gördüm ki, qapı bağlıdır. Pəncərədən baxanda isə Rüfəti başqa qız ilə yataq otağımızda gördüm.

Dəli oldum. Heç sual verməyə imkan vermədi. Bircə onu dedi ki, işsiz idim, səndən istifadə etdim. Aşiq olduğuma, səninlə evlənmək istədiyimə inanmağın gülməlidir. O gün həyatıma nifrət etdim. O iş tapana qədər mən təmin edirdim hər şeyi. Anama qulaq asmadığım üçün peşman oldum. Evə qayıtmaq istəsəm də, qardaşlarım razı olmadı”.

Nərgiz Rüfətdən ayrıldıqdan sonra bir gün işləyib, beş gün küçələrdə ac-susuz gəzdiyini deyirdi. Boyu bir qədər balaca olduğu, iş tapa bilmədiyi üçün günlərlə küçələrdə yatıb:

“Küçələrdə yatanda oyanacağıma ümidim olmurdu...”

“İş tapa bilmirdim, parklarda yatırdım. Bir gün parkda bir kişi mənə yaxınlaşdı. O məni evinə apardı. Bir müddət onunla yaşadım. Məni başa düşürdü, kömək edirdi. Qarşılıq gözləmirdi. Bir gün oğlanı anası rayona çağırdı. Danışanda başa düşdüm ki, ailəsi məni istəmir. Amma yenə də bir ümidlə onunla rayona getdim. Anası bizim ayrılmağımızı istədi. Dedi ki, apar qızı qoy Bakıya, qayıt gəl. Biz Bakıya qayıdanda yolda qəzaya düşdük. O öldü, mən isə ağır yaralandım. Yaddaşımda problemlər yarandı. O qəzadan sonra da ailəm mənə sahib çıxmadı”.

Günü beş manata olan evlərdə qalan Nərgiz daha sonra ehtiyac səbəbindən yataq xəstəsi olan bir qadına baxmağa başlayır. İsti bir evdə qalmaq üçün işi qəbul etsə də, bu da çox uzun çəkmir. Qadın vəfat etdikdən sonra ailə onu evdən qovur. Yenidən parklara qayıdan Nərgizin taleyini sığınacaqla bağlayan isə “intihar” məsələsi olur:

“Qulluq etdiyim qadın öldükdən sonra ailəsi mənim evdən getməyimi istədi. Yenə qaldım parklarda, küçələrdə. Bir gün o qədər ürəyim ağrıdı ki, dənizin kənarına düşüb ağlamaq, ürəyimi boşaltmaq istədim. Yanımdan keçən qız məni gördü. Yaxınlaşıb nə üçün ağladığımı soruşdu, həyatıma ağlayıram dedim. Niyə ağlayırsan deyəndə, “həyatımdan bezmişəm” dedim. O da elə bildi ki, intihar edəcəyəm. Zorla qolumdan tutub məni dənizin kənarından çəkdilər. Sonra da polis çağırıb məni onlara təhvil verdilər. Onlara intihar etmək istəmədiyimi söylədim. Orada sadəcə, oturmuşdum. Polislər izahat aldıqdan sonra “hara gedəcəksən” deyəndə, cavab verməyə söz tapmadım. Onlar da məni sığınacağa gətirdilər. Bəlkə də o qız məni səhv başa düşməsə idi, sığınacaq bir yer tapa bilməyəcəkdim. Sağ olsunlar, məni sığınacağa qəbul etdilər. Bundan sonra həyatıma necə davam edəcəyimi bilmirəm. Amma bir yol tapacağıma əminəm. Bu qədər çətinlik məni öldürmədisə, yenə ölmərəm”.

Nərgiz ailəsindən əlini üzdüyünü desə də, gözləri hələ də yoldadır. Etdiyi səhvlər onun həyatını məhv edib. Amma gözlərində hələ də bir ümid var idi... 

Könül Cəfərli