İlk dəfə Moskvada keçirilən bu yarışın qalibi azərbaycanlı oldu

12:20 28-02-2020 400

Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open” turnirinin qalibi ilk dəfə azərbaycanlı olub. 

HerGun.Az xəbər verir ki, bu ötən il 14 yaşadək şahmatçılar arasında dünya çempionu olmuş Aydın Süleymanlıdır. 

O, son turda millimizin üzvü Rauf Məmmədovla heç-heçə etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 14 yaşlı şahmatçı doqquz turdan sonra 6,5 xal toplayıb və rəqiblərini əlavə göstəricidə qabaqlayıb.

İkinci yerdə 6,5 xala malik qazaxıstanlı Rinat Jumabayev qərarlaşdığı halda, “üçlüy”ü eyni xal yığan Rauf Məmmədov qapayıb. Həmçinin, 97 şahmatçının mübarizə apardığı yarışda Vüqar Əsədli 6 xalla 6-cı, Vasif Durarbəyli 4,5 xalla 47-ci və Abdulla Qədimbəyli 4,5 xalla 55-ci olub.

Qeyd edək ki, qaliblərə “Aeroflot” şirkətindən güzəştli aviabiletlər, mehmanxanada qalmaq üçün endirimli kart verilir. Turnirin mükafat fondu isə 140 min avro təşkil edirdi.

Aydın Süleymanlı HerGun.Az-a açıqlamasında bildirib ki, “Aeroflot Open” prestijli yarışdır:

“Bu yarış 18-ci dəfədir keçirilir. Mən yarışda ikinci dəfədir iştirak edirəm. Ötən il B turnirində idim və beynəlxalq usta balı toplamışdım. Bu il isə daha yüksək nəticə əldə etdim. Doqquz oyundan beşində heç-heçə oldu, dördündə isə qələbə qazandım. Qələbə qazandığım şahmatçıların ELO reytinqi 2600, 2700 idi. Düzü, bu yeri gözləmirdim, sevincliyəm”.

Səbuhi Musayev

İlhamə Əbülfət