Azərbaycan icması ermənilərin növbəti təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib
Moskvanın Azərbaycan icması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.
APA-nın məlumatına görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub.
Bildirilib ki, Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır:
“Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan icması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz”.
Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.