Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri tutuldu - FOTO

13:00 12-03-2020 556

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

Baş İdarədən verilən məlumata görə, naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13400 manat və Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan 15000 manat pul tələb etmələri barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində qeyd edilən məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri - əvvəllər məhkum olunmuş Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməllərini etiraf ediblər.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gələrək ondan pul tələb edən Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi də saxlanılıb. O, şantaj etdiyi qadından 1000 manat alan zaman Baş İdarənin əməkdaşları tərəfindən tutulub.

Saxlanılan şəxslərin hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.