Nazirlikdən rəsmi açıqlama: “Su İdmanı Sarayı dezinfeksiya olunub” - FOTO

22:00 12-03-2020 30

“Əhalinin ən çox istifadə etdiyi idman obyektləri koronavirusa görə dezinfeksiya olunur. Bunlardan biri də Su İdmanı Sarayıdır. Orda hər ay 2500 nəfərə yaxın uşaq və böyüklər məşğul olur”.

Bunu HerGun.Az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Əhalinin ən çox istifadə etdiyi obyektlər koronavirus epidemiyasına qarşı mübarizə üçün qorunmalıdır. Daim bu obyektlərə baxış keçirilməli, dezinfeksiya işləri görülməlidir. Bəs insanların çox istifadə etdiyi Bakı Su İdmanı Sarayında vəziyyət necədir? Nazirliyin balansında olan quruma nəzarət edilirmi?

“Bu günlərdə kompleksdə koronavirusa qarşı dezinfeksiya işləri aparılıb və bu barədə sertifikat təqdim olunub. Əlavə olaraq kompleks daxilində xüsusi gigiyena və dezinfeksiya tədbirləri də aparılır, – deyə Səmayə Məmmədova bildirib.

Bakı Su İdmanı Sarayı da deyilənləri təsdiqlədi: “Kompleksin bütün dəhlizlərində xüsusi əl təmizləyici spirtlər quraşdırılıb, idman zalları antibakterial salfetlərlə təchiz olunub. İstənilən idman avadanlığı istifadə edilməmişdən öncə bu salfetlərlə əllər təmizlənir.

Həmçinin, qapı tutqacları, divarlar və döşəmələr mütəmadi olaraq xlor və digər kimyəvi vasitələrlə yuyulur. Personala gəlincə isə, onlar bütün gigiyena və dezinfeksiya qaydalarına riayət etməklə yanaşı, qonaqlara xüsusi maska və rezin əlcəklər ilə xidmət göstərirlər”.