Bakıdakı karate üzrə Avropa çempionatı təxirə salındı? - RƏSMİ AÇIQLAMA

19:40 13-03-2020 580

“Bu gün Ümumdünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosla bir saata yaxın söhbətim oldu. O, koronavirusla bağlı ölkəmizdəki son durumla bağlı məndən məlumat aldı. Ola bilər ki, Bakıdakı Avropa çempionatı təxirə salınsın”.

Bunu HerGun.Az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. 25-29 mart tarixlərində Bakıda keçiriləcək karate üzrə Avropa çempionatının baş tutması sual altındadır. Buna səbəb koronavirus pandemiyasına görə bəzi aparıcı ölkələrin karateçilərinin Bakıya gələ bilməməsidir.

Ümumdünya Karate Federasiyası bu gün Yeni Kaledoniyada 12-14 iyun tarixlərində baş tutmalı olan gənclər və böyüklər arasında Okeaniya çempionatının təxirə salındığını açıqlayıb.

Karate səhifələrindən biri artıq Azərbaycandakı yarışın, həmçinin 17-19 apreldə İspaniyanın paytaxtı Madriddə keçirilməli olan Premyer Liqa yarışının təxirə salındığını bildirib. Ancaq Yaşar Bəşirov bununla bağlı rəsmi məlumat almadıqlarını bildirib:

“Bizdə belə bir məlumat yoxdur. Amma ola bilər ki, sabah artıq bu barədə bizə rəsmi məktub verilsin. Çünki tək İtaliya yox, Almaniya, Fransa, İspaniya karateçiləri bura gəlmək üçün 14 gün, lazım gəlsə 21 günlük karantin rejiminə yerləşdiriləcək. Onlardan həmçinin COVİD-19 testi götürülə bilər. Bu səbəbdən həmin ölkələrin nümayəndələrinin Bakıya yarışdan ən azı iki həftə əvvəl gəlmələri tələb olunur. Üstəlik, İtaliya kimi ölkələrin karateçilərinin səfərə çıxmaqla bağlı problemləri var. Onların üzünə xarici aviareyslər bağlandığından, problemlə üzləşiblər”.

Səbuhi Musayev