Mirvari Fətəliyeva: “Fransada insanlar təşviş içərisindədir, uzun müddətli bazarlıq edirlər” - FOTO

22:00 16-03-2020 336

“Fransa xalqı ölkə prezidenti Emanuel Makronun son çıxışından sonra bir qədər təşvişə düşüb, insanlar narahat olmağa başlayıb. Bugündən etibarən bütün məktəblər, təhsil ocaqları bağlandı. Bu da təbii ki, 20 milyondan çox şagirdi əhatə edir”.  

Bunu HerGun.Az-a Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib.  

Fransa hazırda koronavirusa yoluxanların sayı baxımından dünyanın yeddinci, Avropanın dördüncü ölkəsidir. Bu ölkədə son məlumata görə, 5423 nəfər insan virusa yoluxub. Bunlardan 12-si sağalıbsa, 127 nəfər dünyasını dəyişib. Koronavirusdan ölüm faktına görə Fransa hazırda dünyada beşinci, Avropada üçüncü ölkədir.  

Azərbaycanın Fransadakı diaspor nümayəndəsi olan M.Fətəliyeva saytımıza koronavirusla bağlı Fransada yaranan situasiyanı izah edib:  

“İqtisadi cəhətdən problemlərin yaranması ilə bağlı insanlar çox narahatdır. İşsizlik artıq Fransada özünü göstərməyə başlayıb. İnsanlar qida problemi yaşamamaq üçün uzun müddətlik bazarlıq, alış-veriş edirlər. Fransada 100 nəfərdən artıq insanın toplaşmağına icazə verilmir. 100 nəfərdən çox insanın toplaşdığı tədbirlər təxirə salınıb. Demək olar ki, kafelərdə, restoranlarda bunu hiss etmək olur. Belə yerlərdə, metrolarda az sayda insanları görmək mümkündür. Ümumi vəziyyət acınacaqlıdır”.  

Səbuhi Musayev