Dörd boksçumuz rinqə çıxmamış yarış dayandırıldı

06:20 17-03-2020 407

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri yarımçıq dayandırılıb.

HerGun.Az xəbər verir ki, yarış təxirə salınmazdan əvvəl baş tutan sonuncu – üçüncü günün ikinci seansında Azərbaycan millisinin üç üzvü rinqə çıxıb.

Boksçularımızdan Tayfur Əliyev (-57 kq) 1/8 finalda Edqaras Skurdelislə üz-üzə (Litva) gəlib. Rəqibi ilk hissədə qaşı partladığından döyüşü davam etdirə bilməyib və həmyerlimiz qalib elan olunub. 23 yaşlı boksçu 1/4 finala yüksəlməklə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov da Olimpiya vəsiqəsinə yaxın olub. Lakin 1/8 finalda Kosmin-Petre Qırlyanuya (Rumıniya) 2:3 hesablı məğlubiyyət bu hüququ rəqibə qazandırıb.

Yığmamızın üzvü Kamran Şahsuvarlı isə ikinci görüşündə ukraynalı Aleksandr Xijnyakla döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşmada dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi olan rəqib qələbə qazanıb.

Beləliklə, martın 24-də yekunlaşmalı olan Avropa Olimpiya Təsnifat Turniri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə dayandırılıb. Martın 14-də start götürən yarış may ayına qədər təxirə salınıb. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin ilk üç günündə Azərbaycan yığmasının digər boksçularından Cavid Çələbiyevlə (-63 kq) Lorenso Sotomayor (-69 kq) 1/8 finala yüksəlib. Onlardan fərqli, Anaxanım Ağayeva (-51 kq) və Rauf Rəhimov (-91 kq) məğlub olub. Məhsəti Həmzəyeva (-57 kq), Aynur Rzayeva (-75 kq) Alfonso Dominqes (-81 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə rinqə çıxmadan Londondan ayrılacaq.