İspaniya və Fransadakı azərbaycanlılar: “Dövlətimiz tərəfindən çarter reysinin açılmasını gözləyirik”

11:20 26-03-2020 440

Dünyanı cənginə alan koronavirus pandemiyasına indiyədək 471 794 nəfər yoluxub. Onlardan 21 297-i dünyasını dəyişib, 114 703 nəfəri isə sağalıb.

Virusun ən çox qeydə alındığı ölkələr arasında İspaniya və Fransa da var. Belə ki, bu günədək İspaniyada 49 515 nəfər koronavirusa yoluxub, onlardan 3647 nəfəri ölüb. Fransada isə 25 233 şəxs koronavirusa yoluxub, 1331 nəfər isə bu xəstəlik səbəbi ilə ölüb.

Hər iki ölkə yetərincə turistik ərazi olduğundan burada əcnəbilərin sıx məskunlaşması istisna deyil. Azərbaycanlıların həm təhsil, həm də işlə bağlı yaşadıqları ölkələr arasında İspaniya və Fransa da yer alır.

Hazırda bu ölkələrdə yaşayan vətəndaşlarımızın vəziyyəti və Azərbaycana təxliyyəsi məsələsi nə yerdədir?

İspaniyada mövcud vəziyyətlə bağlı Modern.az-a danışan Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov deyir ki, bu ölkədə yaşayan vətəndaşlarımız Azərbaycana çarter reysinin açılmasını gözləyir:

“Martın 14-dən etibarən İspaniyada fövqəladə vəziyyət elan olunub. Ərzaq almaq üçün mağazaya getmək xaricində kimsə küçəyə çıxa bilmir. Sadəcə, həkimlər və digər önəmli sahənin adamları küçəyə çıxa bilər, bir də itləri olanlar müəyyən saatlarda heyvanlarını parkda gəzdirmək imkanına sahibdirlər. Əks halda, küçəyə çıxanlar cərimə olunurlar.

Gündəlik burada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Çox şükür olsun ki, hələ vətəndaşlarımızdan heç birində koronavirusa yoluxma halı qeydə alınmayıb. Azərbaycanlılar arasında əvvəldən ünsiyyət var, amma indi “WhatsApp” üzərindən bir-birimizlə mütəmadi əlaqə saxlayırıq.

Təxliyyə məsələsi ilə bağlı hələ dəqiq məlumat yoxdur. Amma vətəndaşlarımız davamlı olaraq, Azərbaycana qayıtmaq üçün müraciət edirər. Dövlətimiz tərəfindən çarter reysinin açılmasını gözləyirik. İspaniyadan Azərbaycana qayıtmaq istəyənlər əsasən tələbələr və burada qısa müddətə yaşamağa gələnlərdir. Əvvəldən burada məskunlaşan və işləyən vətəndaşlarımız Azərbaycana qayıtmaq istəmirlər”.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov bu ölkədə insanların mövcud vəziyyətə ciddi yanaşmadıqları səbəbindən karantin qaydalarının daha da sərtləşdirildiyini bildirib:

“Fransada karantin rejimi srağagündən etibarən daha da gücləndirilib. Burada insanlar vəziyyəti ciddiyə almırdılar, ona görə də qayda-qanunlar bir qədər sərtləşdirildi. Fransada yaşayan azərbaycanlılarla hər gün əlaqə saxlayırıq. Vətəndaşlarımız arasında virusa yoluxan yoxdur. Təxliyyə məsələsinə gəldikdə isə yəqin ki, yaxın zaman ərzində çarter reysləri təyin olunacaq və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız ölkəyə gələ biləcəklər”.