ÜST COVID-19-un üzərində qələbə üçün altı addımı sadaladı

06:00 29-03-2020 410

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus yeni tipli virus infeksiyası üzərində qələbəyə gətirib çıxara biləcək altı əsas addımı sadalayıb.

Business Insider” ÜST tərəfindən məsləhət görülən addımları təqdim edir:

Tibb işçilərinin heyətini genişləndirmək

Pandemiyaya qarşı mübarizədə həkimlər iş vaxtından artıq işləməli olurlar. Lakin tibb işçilərinin sayı yenə də kifayət qədər deyil. Buna görə də, yeni əməkdaşlar götürərək, onlara sürətli təlim keçirilməlidir.

Potensial virus daşıyıcıları üzərində ümumi nəzarət

Məsələn, Sinqapurda hakimiyyət orqanları potensial yoluxmuş və onlarla təmasda olan insanları aşkar etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu məqsədlə video müşahidə kameraları, bankomatların məlumatları və hətta smartfonlar üçün xüsusi proqramlar da işə salınır.

Testlərin kütləvi istehsalı

Nə qədər çox insan koronavirus testindən keçsə, yoluxmuş şəxsləri izləmək və ölkədə epidemiyanın əsl miqyasını qiymətləndirmək daha asan olacaq.

Yoluxmuş şəxslərin müalicəsi və təcrid edilməsi üçün binaların təşkili

Xəstəxanalarda palataların sayını artırmaq üçün mümkün vasitələrdən istifadə etmək, boş otaqları lazımi avadanlıqlarla təchiz etmək və ya digər binaları müvəqqəti xəstəxanalara çevirmək lazımdır. Məsələn, Çində epidemiyanın tüğyan etdiyi bir vaxtda cəmi bir neçə gün ərzində xəstəxanalar tikilmişdi. Nyu-Yorkda konfrans mərkəzləri və universitetləri müvəqqəti klinikalara çevirirlər.

Özünütəcrid 

ÜST yoluxmuş ərazilərdən gələn hər kəsə 14 gün ərzində karantində qalmağı tövsiyə edir.

Hökumətin səfərbərliyi

Hökumətin bütün üzvləri vəziyyətin ciddiliyini dərk etməli və mümkün bütün tədbirlərə əl atmalıdırlar.

ÜST-ün rəhbərinin sözlərinə əsasən, sadalanan bu altı addım karantindən sonra epidemiyanın zəifləyəcəyinə kömək edəcək. Onun fikrincə, pandemiya zəifləsə belə, məktəbləri və müəssisələri açmağa tələsmək lazım deyil.