DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

15:40 29-03-2020 320

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən HerGun.Az-a bildirilib ki, əgər vətəndaş xüsusi karantin rejimindən əvvəl qeydiyyatda olduğu rayon və şəhərdən başqa bir rayon və ya şəhərə səfər edibsə, onun geri qayıtmasında heç bir problem yoxdur.

Şəhər və rayonlararası postlarda həmin vətəndaşların qeydiyyat yerinə qayıtmasına icazə veriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-u saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib. 

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.