Trampın “müharibə elan etdiyi” Ümumdünya Səhiyyə Təşkilatı haqda nələr məlumdur? – TƏHLİL

11:00 09-04-2020 366

ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbərliyini sərt tənqid edib. Tramp ÜST rəhbərliyinin pandemiya ilə əlaqədar onlara yanlış məlumat verdiyini, vaxtında xəbərdar etmədiyini bildirib.

Prezident Tramp “Twitter” hesabında ÜST-ü daha çox Çini dəstəkləməkdə günahlandırıb. Sitat: “Yaxşı ki, ÜST-ün sərhədlərimizin Çinə açıq olması barədə tövsiyələrini rədd etdim. Niyə bizə belə yanlış tövsiyə verdilər?”

ABŞ prezidentinin tənqid hədəfində olan təşkilat hazırda dünyanın diqqət mərkəzində olan qurumdur. Bu gün dünyada koronavirus pandemiyasına qarşı qlobal mübarizənin planlayıcısı məhz ÜST-dür. Lakin göründüyü kimi, təşkilatın fəaliyyəti heç də hamını razı salmır. ABŞ prezidenti isə, faktiki olaraq, ÜST-ə “müharibə elan edib”.

Tramp deyib ki, ÜST-ə ən çox vəsait ödəyən ölkə ABŞ olmasına baxmayaraq, beynəlxalq qurum daha çox Çini dəstəkləyir. Trampın bu iddiası birmənalı qarşılanmayıb. Amma o da var ki, ÜST-ün Çinə qarşı xeyli loyal yanaşdığını iddia edən ilk adam Tramp deyil.

Bəs ABŞ prezidentinin “qəzəb oxlarına tuş gələn” ÜST haqqında nə bilirik? Bu təşkilat dünya ölkələrində nə qədər təsirə malikdir? Çin və ÜST arasında hansı bağlar var, Tramp nəyə eyham vurur?

Ümumdünya Səhiyyə Təşkilatı BMT yanında fəaliyyət göstərən, səhiyyə sahəsində beynəlxalq əlaqələri təmin edən və dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həlli üzrə ixtisaslaşmış qurumdur. Təşkilatın təsis olunması üzrə işlər daha əvvəl başlasa da, ÜST-ün nizamnaməsi 1948-ci il aprel ayının 7-də qəbul olunub. Bu tarix sonradan Dünya Sağlamlıq Günü və ÜST-ün yarandığı gün kimi qeyd olunmağa başlayıb. Hazırda təşkilatın bütün dünyada altı regional və 150 ölkədə yerli büroları, 7 000 əməkdaşı var. ÜST-ün baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

193 ölkənin üzv olduğu ÜST-ün ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. Hər il çağırılan Assambleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-ün büdcəsini müzakirə və qəbul edir.

Assambleyalararası dövrdə ÜST-ün fəaliyyətini Ümumdünya Səhiyyə Assambleyası tərəfindən üç il müddətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. İcraiyyə Şurası Assambleyanın qərarlarını həyata keçirir, onun gündəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür. ÜST-ün inzibati orqanı başda Baş direktor olmaqla, Katiblikdir.

Təşkilatın əsas orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. ÜST-ə İcraiyyə Şurasının təqdimatı əsasında Assambleya tərəfindən təyin olunan Baş direktor rəhbərlik edir. 

ÜST üzv dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir. Təşkilatın altı regional ofisi var. Bunlar Afrika, Avropa, Cənub-Şərqi Asiya, Amerika, Şərqi Aralıq dənizi sahili, Qərbi Sakit okean regional ofisləridir.

Yeri gəlmişkən, Azərbaycan 2 oktyabr 1992-ci il tarixində ÜST-ə üzv qəbul olunub, bu təşkilatla Bakı arasında yaxın tərəfdaşlıq əlaqələri mövcuddur. Əməkdaşlıq həm təşkilatın Baş qərargahı, həm də Avropa üzrə regional ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.

Azərbaycan ÜST ilə vərəm xəstəliyi ilə bağlı birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsi, poliomielitin ləğv edilməsi, uşaq və anaların qorunması, difteriyaya nəzarət, ailə planlaşdırılması, ruhi sağlamlıq üzrə proqramlar və Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi layihəsi üzrə əməkdaşlıq edir.

Hazırda ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusdur. O, həmin vəzifəyə 2017-ci ildə ÜST-ün 70-ci Assambleyasında beş illik müddətə seçilib. ÜST Baş direktoru seçilməzdən əvvəl Qebreyesus 2005-2012-ci illərdə Efiopiyanın səhiyyə naziri, 2012–2016-cı illərdə isə xarici işlər naziri postlarında çalışıb. İxtisasca bioloq olan Qebreyesusdan əvvəl bu postda Çin Xalq Respublikasının nümayəndəsi doktor Marqaret Çan 11 il çalışıb.

Maraqlıdır ki, Qebreyesusun seçilməsinə Çin dövlətinin lobbi dəstəyi təsir edib. Bu səbəbdən, ÜST Baş direktorunun Çin hökuməti ilə münasibətləri istidir. Bunu koronavirus pandemiyasının yayıldığı ilk günlərdən açıq şəkildə hiss etmək mümkün idi. ÜST rəhbəri Çinə səfər edərək, Pekinin virus əleyhinə fəaliyyətini yüksək qiymətləndirmişdi. Hətta ticarət və istehsalın davam etdirilməsi çağırışını etmişdi. Ancaq xəstəlik geniş yayılandan sonra ÜST xəbərdarlığı daha da ciddiləşdirdi.

Bu səbəbdən də, indi Qərbdə bir çoxları, o cümlədən prezident Tramp ÜST-ə qarşı qəzəblidir. Burada həm də söhbət Çinin nüfuzlu təşkilatda mövqelərini gücləndirməsindən gedir. ABŞ prezidenti ÜST-ün əsas donorlarından biri olduğu halda, Çinin nüfuz sahibi olmasından qəzəblidir.

Məsələ ondadır ki, ÜST ABŞ hökumətinin qəzəbinə tuş gəlmiş ilk təşkilat deyil. Rəsmi Vaşinqton 2019-cu ilin yanvar ayının 1-dən etibarən UNESCO-nu tərk edib. Bu barədə qərar hələ 2017-ci ilin oktyabrında ABŞ hökuməti tərəfindən elan olunub. Tramp administrasiyasının qərarının ardınca İsrail hökuməti BMT-nin nüfuzlu qurumundan çıxacağını elan etmişdi.

ABŞ və İsrailin bu addımına səbəb kimi UNESCO-nun İsraili tənqid edən qərarları və Fələstinin 2011-ci ildə təşkilata üzv kimi qəbul olunması göstərilirdi. Sözügedən qərar 2017-ci ildə UNESCO-da keçirilən səsvermədə İsrailin Şərqi Qüdsü işğal etməsinin tənqid olunması, qədim yəhudi məbədlərinin Fələstinin mirası olduğuna dair qətnamənin qəbul edilməsindən sonra verilmişdi. İsrail hökuməti təşkilata etiraz notası göndərmiş, ardınca isə Vaşinqton UNESCO-dan çıxdığını bəyan etmişdi.

BMT-nin dünya ölkələrinin əksəriyyətinin üzv olduğu və qərarların səs çoxluğu ilə qəbul olunduğu təşkilatlarında bu cür anlaşmazlıqlar yaranır. BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, bu cür qurumlarda qərarlar səs çoxluğu ilə qəbul olunur. Bu səbəbdən də, son illərdə bir neçə dəfə ABŞ-ın maraqlarına zidd qərarlar qəbul edilib. Vaşinqton isə həmin qurumların əsas sponsoru kimi belə qərarlardan narazı qalır. 

İndi analoji vəziyyət ÜST ilə münasibətlərdə yaranıb. Trampın beynəlxalq qurumla bağlı reaksiyası yəqin ki, bir müddət gərginliyə səbəb olacaq. Çünki ABŞ prezidentinin bildirdiyinə görə, ÜST məsələsi ilə daha sonra məşğul olacaq. Bu isə beynəlxalq qurumlara, xüsusən də BMT təşkilatlarına olan etimadı azaldır.

Rəşad Quliyev