İsmayıllı meşəsindən tapılan skelet nələri açıqlayır? - FOTO

16:00 09-04-2020 541

İsmayıllı rayonunun istintaq orqanları martın 28-də Tubikənd kəndi ərazisində cəsədi tapılmış naməlum şəxsin ölümünün səbəblərini müəyyənləşdirməklə bağlı araşdırmaları davam etdirirlər.

Xatırladaq ki, 30-40 yaşlarında kişinin cəsədi kənd yolunun yaxınlığındakı meşə zolağında aşkarlanıb. Ölüm cəsəd aşkar ediləndən təxminən beş gün əvvəl baş verib. Araşdırmadan məlum olub ki, cinayət başqa yerdə törədilib, cəsəd daha sonra meşə zolağına gətirilib.

Ölümün səbəbi hələ müəyyən edilməyib. Sadəcə, cəsədin yandırıldığı məlumdur.

Vəhşi heyvanların baş hissəsi də daxil olmaqla, qurbanın bütün bədənini yemələri onun şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirib. Öldürülmüş şəxsin xüsusi əlamətlərindən biri üç üst ön dişinin qoyma olmasıdır. Məhkəmə-tibbi ekspertizasının köməyi ilə onun qan qrupu III (Rh+) və boyu (167-172 santimetr) müəyyən edilib.

Cəsədin yaxınlığında yanmış paltar qalıqları tapılıb –  “Dolce Gabana” emblemli göy rəngdə cins şalvar, “Calvin Klein” markalı dəri kəmər, açıq mavi rəngli, içərisi açıq qəhvəyi rəngli xəzdən ibarət parça gödəkçə, qara rəngli “Kiton” firmasına məxsus toxunma zolaqları olan köynək.

Bununla yanaşı, istintaqın gedişinə kömək edəcək yeni təfərrüatlar məlum olub.

Hazırda rayon Prokurorluğu məlumat bazasına əsasən DNT testinin cavabını gözləyir.

Meyitin dişlərinin vəziyyətinə görə, onun təxminən 30-50 yaşlarında olduğunu təxmin etmək olar.

Saxta dişlərə gəlincə, kişi yerli sakindirsə, onun dişlərini düzəldən həkim gördüyü işi tanıyacaq. Buna görə də, həmin mövzuda rayonda çalışan diş həkimlərinin fikrini öyrənmək mane olmaz.

Təəssüf ki, cəsədin tapılarkən qeydə alınmış pozu heç bir məna kəsb etmir.

Ümumiyyətlə, bir cəsəd yandırıldıqda, bədən xarakterik “boksçu pozu” alır. Ancaq cəsədin rayon ərazisində çox olan vəhşi heyvanlar tərəfindən yeyilməsi nəticəsində yumşaq toxumaların və daxili orqanların olmaması bunu əminliklə bildirməyə imkan vermir. Buna görə də, naməlum şəxsin diri-diri yandırılıb-yandırılmaması məsələsi açıq qalır.

Hadisənin qapalı yerdə baş verdiyi barədə də versiya var. Bu, yalnız öldürülmüş şəxsin ayaqqabılarının olmaması, paltarların aşkarlanması ilə deyil, qalan yumşaq toxumaların çəhrayı rəngdə olması ilə də aydınlaşır. Qapalı yerdə dəm qaz sızması zamanı meydana gələn karboksihemoqlobin toxumalara çəhrayı rəng verir.

Dişlər yaxşı vəziyyətdədir, təmiz və kifayət qədər ağ rəngdədir və taxma tacları keyfiyyətlidir, buna görə də, kişinin “bomj” olmadığı qənaətinə gələ bilərik. Bundan əlavə, zəif qidalanma əlamətlərinin olmaması onun normal həyat sürdüyünü və orta sosial təbəqəyə məxsus olduğunu göstərir. 

Cinayətin İsmayıllı rayonu ərazisində törədildiyi güman edilir. Adam çox güman ki, yerli sakin olub. Ancaq bura başqa yerdən gələ biləcəyi də istisna edilmir.

Polislər bu şəxs haqqında məlumatı olan hər kəsdən cinayət qurbanının şəxsiyyətini müəyyənləşdirmək üçün (+994 50) 280 45 00 nömrəsinə zəng etmələri xahiş olunur.

Ramella İbrahimxəlilova