Bəhlul Mustafazadə: “Bilirəm ki, “Play Station” alsam, bütün günü oynayacağam”

20:40 13-04-2020 428

“Hazırda vəziyyət elədir ki, günün hansı saatı olmağı önəmini itirib. Çünki 24 saat evdə oluram”.

Bunu HerGun.Az-a futbol üzrə milli komandamızın və “Sabah” klubunun futbolçusu Bəhlul Mustafazadə deyib.

23 yaşlı mərkəz müdafiəçisi karantin dövründə evdə gördüyü işlərdən danışıb: 

“Fərdi məşqlər etməyə, düzgün qidalanmağa diqqət etməyə çalışıram. Digər vaxtlarda isə film izləyirəm, kitab oxuyuram və dostlarımla görüntülü danışıram. Əvvəl izlədiyim filmlərə təkrar baxıram. “Pawn Sacrifice” (“Piyada qurbanı”) və “Into the Wild” (“Vəhşi təbiətə doğru”) həmin təkrar baxdığım filmlərdəndir.

Bundan əlavə, tarixlə bağlı kitablar oxuyuram. Bunlar yəhudi tarixçi Yuval Noax Hararinin “Sapiens: A Brief History of Humankind” və “Homo Deus: A Brief History of Tomorrow” kitablarıdır. Həmçinin amerikalı Suzan Vays Bauerin dörd hissədən ibarət dünya tarixinə aid kitabını oxuyuram”.

Adətən futbolçuların əksəri evlərində vaxtı daha çox “Play Station” oynamaqla keçirir. Bəs “Bəhlul Mustafazadə niyə “Play Station” xəstəliyinə tutulmayıb?” sualına gənc futbolçumuz maraqlı cavab verib:

“Bilirəm ki, “Play Station” alsam, bütün günü oynayacağam. Ona görə də almamağa çalışıram”.

Qeyd edək ki, Bəhlul Mustafazadə ötən seçmə mərhələdə millimizin heyətində parlayan futbolçularımızdan olub.

Səbuhi Musayev