Prezident xüsusi karantin rejiminin nə zaman bitəcəyindən danışdı

22:20 14-04-2020 404

“Bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, əsas məsələ vətəndaşların sağlamlığı, insanların həyatıdır:

“Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər. Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq.

Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq”.