Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

17:40 15-04-2020 503

“Baytarlıq haqqında qanuna” dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2015-ci il 22 noyabr tarixli fərmanına dəyişikliyi nəzərdə tutan fərman imzalayıb.

Fərmanda bildirilir ki, “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsində  “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Həmin maddədə bildirilirdi ki, bu qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Yeni fərmanla həmin orqan Nazirlər Kabineti olaraq müəyyən edilib.

Fərmanla, həmçinin, aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə olunub:

“Həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti həyata keçirirlər”.

Nazirlər Kabineti “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.