200-ə yaxın dəyişiklik: Deputat dekriminallaşdırılan cinayət əməllərindən danışdı - TƏFƏRRÜAT

11:00 16-04-2020 636

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov HerGun.Az-a açıqlamasında cinayət və inzibati qanunvericiliyə 200-ə yaxın dəyişiklik təklif olunan qanun layihəsi barədə ətraflı məlumat verib.

Xatırladaq ki, aprelin 13-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan cəza siyasətinin humanistləşdirilməsi və bir sıra cinayətlərin dekriminallaşdırılması istiqamətində məhkəmə-hüquq islahatları çərçivəsində təqdim edilmiş “Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə” dəyişikliklər haqqında” qanun layihəsinin müzakirə edildiyi onlayn iclası keçirilib.

“Milli Məclisə təqdim edilmiş layihə Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. Bundan əvvəlki dekriminallaşdırma çərçivəsində 9 000-dən artıq şəxsin cinayət məsuliyyətindən azad edilməsi, 3000-ə qədər şəxsin cəzasının yüngülləşdirilməsi, 800-ə qədər şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi faktları bir daha təsdiqləyir ki, humanizm Azərbaycan hakimiyyəti üçün prioritet dəyərlərdən biridir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə, 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur: “10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, bunlardan 18-i iqtisadi fəaliyyət sahəsindədir. Başqa sözlə, cinayət məsuliyyətinin yarandığı maddi zərərin miqdarının artırılması təklif olunur”.

Vurğulanır ki, üç cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərtilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunur. Bunlar Azərbaycan Cinayət Məcəlləsinin 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)), 209.2 (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) və 209.3 (…xüsusilə külli miqdarda törədildikdə) maddələridir.

30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

“Mülkiyyət əleyhinə olan bir sıra cinayətlərə görə zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın artıq 100 faizi miqdarında deyil, 25 faizi miqdarında, daha yüksək ictimai təhlükəliliyi olan cinayətlərdə isə 200 faizi deyil, 50 faizi miqdarında ödəniş etməklə məsuliyyətdən azad olunacaq”, - deyə deputat bildirib.

İqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətindən azad etməni ehtiva edən 73.2-ci maddənin qüvvədə olan variantında 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddənin daha ictimai təhlükəli normalarına görə, məsuliyyətdən azad edilmək üçün iki şərt nəzərdə tutulub. Birincisi, vurulmuş ziyanın tamamilə ödənilməsi, ikincisi isə ziyanın 100 faizi miqdarında dövlət büdcəsinə ödənişin edilməsidir.

Təqdim olunan layihədə isə 209-cu maddənin bütövlükdə 73.2-nin 1-ci hissəsinə əlavə edilməsi təklif olunur, yəni 209-cu maddədə bütün hallarda yalnız dəymiş ziyanı ödəməklə məsuliyyətdən azad edilir.

“Eyni zamanda, cinayət məsuliyyətindən azadetmə ilə bağlı hallarda cinayət əməli iştirakçılıqla törədildikdə dövlət büdcəsinə ödənişin cinayətin iştirakçılarına münasibətdə hissələri və bu maddələrdə nəzərdə tutulmuş əməllər başa çatmadığı hallarda dövlət büdcəsinə ödənişin miqdarı müəyyən olunur”, - deyə o əlavə edib. 

10 cinayət əməli dekriminallaşdırılır. Bunlara misal olaraq, 197.1 (əmtəə nişanından qanunsuz istifadə yolu ilə xeyli miqdarda ziyan vurduqda), 162.1 (əmək mühafizə qaydasının pozulması nəticəsində şəxsə az ağır xəsarət yetirdikdə), 318-2 (ikili vətəndaşlıq barədə məlumatın verilməməsi), o cümlədən, hərbi xidmət əleyhinə olan cinayətlər fəslindən altı cinayət əməli dekriminlaşdırılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilr. 

Bundan sonra 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd, o cümlədən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 20 min manatdan 50 min manata, qaçaqmalçılıq cinayətinə görə 4.000 manatdan 50 min manata, qanunsuz balıq tutma və ya qanunsuz ov etmə cinayətlərinə görə 400 manatdan 1000 manata artırılmaqla dekriminallaşdırılır.

Ramella İbrahimxəlilova