Balakəndə mağazalara qənim kəsilən oğrular narkotik yetişdirən dostlarını da “işə saldılar” - FOTO

13:40 19-04-2020 492

Balakən Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərzaq məhsullarının, siqaret və spirtli içkilərin oğurlanması barədə müraciətlər daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan HerGun.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib.

Onların Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuş 24 yaşlı Tofiq Hacıyev, 27 yaşlı Turan Şindiyev və Qazma kənd sakini Murad Əhmədov olduqları məlum olub.

Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları siqaret və spirtli içkiləri Tofiq Hacıyevin dostu, rayonun Talalar kənd sakini Tural Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən olunub. Keçirilmiş tədbirlərin davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən yuxarıda adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. Tural Zohorov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.