Stanislav Mitraxoviç: “Koronavirus bütün proqnozları alt-üst etdi” - MÜSAHİBƏ

12:40 21-04-2020 536

Bu yaxınlarda əldə olunmuş yeni OPEC+ sövdələşməsinə baxmayaraq, dünən gecə neft bazarındakı vəziyyət cəbhə bölgəsindən gələn xəbərlərə bənzəyirdi. Amerikanın WTI markalı neftinin may fyuçersləri kəskin şəkildə aşağı düşdü, qiymət mənfi həddə çatdı. Satıcılar alıcılara bir barel üçün 50 dollar ödəyərək (!) neft “satmağa” hazır idi. Belə görünür ki, səbəb ABŞ-dakı yanacaq rezervuarlarının tam yüklənməsidir, halbuki daha 20 tanker 40 milyon barel Səudiyyə nefti ilə Birləşmiş Ştatlara yaxınlaşır. Bu həcmdə “qara qızıl” alışına dair müqavilə hələ OPEC+ ölkələrinin ikinci razılaşma əldə etməsindən əvvəl bağlanmışdı.

“Brent” markalı neftin qiyməti də aşağı düşür. Nə baş verir? Axı daha əvvəl OPEC+ ölkələri neft hasilatının rekord dərəcədə - gündəlik olaraq 10 milyon barel azaldılması ilə bağlı razılığa gəlmişdilər. Media.Az-a yaranan vəziyyəti Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun və Rusiya Federasiyasının Hökuməti yanında Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç şərh edib:

- Bir neçə amil nəzərə alınmalıdır. COVID-19 pandemiyası səbəbindən neft istehlakı böyük miqyasda azalıb. Bazarı yalnız OPEC+ ölkələrinin səyləri sayəsində sabitləşdirmək, sadəcə, mümkün deyildi. Dünyada neft istehlakı aprel ayında, müxtəlif hesablamalara görə, 1/3-i qədər azalıb. Bu, çox böyük bir həcmdir (gündə 15-30 milyon barel arasında).

İstehsal isə bu qədər kəskin şəkildə azalmır və həddən artıq olduğu üçün neftin qiyməti aşağı düşür.

Qeyd edək ki, OPEC+ sövdələşməsi yalnız mayın 1-dən qüvvəyə minir. Neft anbarları isə dolmağa davam edir. Razılaşmaya imza atan ölkələr mayın əvvəlində lazım olan göstəriciyə nail olmaq üçün artıq indidən neft istehsalını azaltmalıdır. Çox vaxt qalmayıb. Ancaq bunun baş verəcəyinə inamım yoxdur. “Koronavirus məhdudiyyətləri” bitməyincə neft tələbatında sürətli bərpa olmayacaq.

- Azərbaycan artıq neft ixracını 5,6 faiz azaldıb. Doğurdanmı, neft istehsal edən digər ölkələrdə “qara qızıl”ın qiymətini sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi barədə heç bir anlayış yoxdur?

- “Oyun nəzəriyyəsi” və “məhbus dilemması” modeli var. Mənası budur ki, bir məqsədlə əməkdaşlıq etməli olan oyunçu qrupu olur: ancaq onlar bir-birinə etibar etmir və bu “kartellər” inamsızlıq səbəbindən məhv olur. OPEC+ həmin kartellərin bir növüdür və onun iştirakçıları sazişdə iştirak etməyənlərə həsəd aparırlar.

Başqa bir vacib məqam: OPEC+ sazişinə əsasən, neft hasilatının səviyyəsini gündə 10 milyon barel deyil, məsələn, 25 milyon barel endirmək lazım idi. Bu zaman daha böyük effekt olardı.

Son vaxtlar neft hasil edən ölkələr, sadəcə, neft anbarlarını doldurdular və gözləmə mövqeyi tutdular: bəlkə bütün dünyada karantin başa çatacaq, yaxud rəqiblər mövqelərini itirəcəklər. 

Bu, dünyanı iqtisadi problemlərlə təhdid edən tamamilə qeyri-sağlam vəziyyətdir. 

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanından ABŞ-a neft tankerlərinin göndərildiyi barədə xəbərlər gəldi...

- ...40 milyon barel neft ilə.

- Tamamlilə haqlısınız. Təsəvvür edin ki, oraya çatırlar, ancaq nefti boşaltmaq üçün yer yoxdur. O zaman gətirdikləri malı pulsuz verməlidirlər. Bu, gözlənilən idi. ABŞ dəstəklənməyən bəyanatlar verməkdənsə, neft sazişinə qoşulmalı idi.

- Son OPEC+ sazişinə qayıdaq. Əksər rusiyalı analitiklər bunu Rusiyanın məğlubiyyəti, başqa sözlə, “Brest sülhü” (1918-ci ildə imzalanıb, bundan sonra Sovet Rusiyası Birinci Dünya Müharibəsindən çıxıb - red.) adlandırdı.

- “Brest sülhü” nə deməkdir? Bu, alçaldıcı xarakter daşısa da, düzgün hərəkətdir. Rusiya neft hasilatını azaltsa, isti iqlimi olan ölkələrdən daha pis vəziyyətə düşə bilər. Məsələ burasındadır ki, soyuq iqlimi olan ölkələrdə əvvəlki istehsal səviyyəsinə qayıtmaq daha çətin olacaq. OPEC+ sövdələşməsi istənilər halda şoku azaldır.

İndi may ayını gözləməliyik. Dünyada anbarların imkanları tükənir. Rusiyada olanlar bir aya yaxın bəs edəcək. Ancaq problem bundadır ki, razılaşmaya əsasən, qiymətləri sabitləşdirə biləcək və şok ehtimalını istisna edən bir format yaradılmayıb.

- OPEC-in 2019-cu ilin noyabr ayının əvvəlində dərc olunan uzunmüddətli proqnozu barədə soruşmaya bilmərəm. Mətndə qeyd edilib ki, 2018-ci ildən 2040-cı ilə qədər qlobal enerji tələbatı gündə 286 milyon bareldən 357 milyon barelə qədər artacaq. Hindistanda və Çində artan tələb səbəbindən belə proqnoz verilmişdi. Ancaq indi bu ölkələr karantindədir. Çin yavaş-yavaş bu vəziyyətdən çıxsa da, Hindistanda hər şey yeni başlayır.

- Əlbəttə ki, koronavirus bütün proqnozları alt-üst etdi. Pandemiya riski yox idi və nəzərə alına bilməzdi. 2040-cı il üçün proqnoza gəldikdə, burada nəsə demək, ümumiyyətlə, çətindir, hər şey çox sürətlə dəyişə bilər.

- Daha əvvəl dediniz ki, isti iqlimi olan ölkələr neft hasilatının azalmasını daha asan keçirəcəklər. Azərbaycan isti iqlimi olan ölkədir...

- Neft hasilatının bərpası baxımından Azərbaycana daha asan olacaq. Ancaq təkcə iqlim məsələsi deyil, həm də quyuların strukturu vacibdir. Ölkəniz Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yer alan mövqedədir.

Ancaq təbii ki, neft hasilatına qoyulan məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə düşünmək də lazımdır. Son hadisələr fonunda “qara qızıl”ın hasilatının azaldılması üçün yeni OPEC+ razılaşmasının və yeni kvotaların olacağını da istisna etmirəm.

Ancaq Azərbaycanın istənilən halda bir üstünlüyü var: müəyyən xərclərə səbəb olsa belə, sizə neft istehsalını dayandırmaq və sonra bərpa etmək daha asandır.