Vidadi HİDAYƏT

MƏNƏVİ ALƏMİN İŞIĞI

14:13 21-04-2020 1166

Bismillahir,Rəhmanir, Rəhim

Vidadi HİDAYƏT

MƏNƏVİ ALƏMİN İŞIĞI

 

 Günəş işığı gecənin qaranlığını yararaq yaşadığımız məkanı, ərazini işıqlandırır.Bununla səhər açılır, yatan insanlar oyanır,gündəlik həyat davam edir.Allahın bizə nəsib etdiyi iki göz olsa belə, spekterdə yeddi rəngə ayrılan  ağ işıq adlandırılan günəş işığı,qaranlıq otaqda yandırılan elektrik lampalarının işığı olmasa ətraf bizim üçün zülmət qaranlıq olardı.

Ağ işığı və bizə iki göz  yaradıb bəxş edən Allahımıza həmd olsun.Müəllim dərs otağına, cərrah cərrah otağına, əkinçi əkin sahəsinə daxil olarkən, dükan-bazarda hərəkətdə olan insanlar yatılı olmurlar.Ətrafdakı hər şeyi görərək oyaq olurlar.Bəs nə üçün imam həzrəti Əli ə.s yaşadığı dövrdə  ətrafdakı işləyən, gəzən, oturan, baxan insanlar üçün söyləyirdi:-“Bu insanlar, yatıblar, ölən kimi ayılacaqlar.”İmam boş-boşuna söz deməzdi. Deməli, bizim önəm vermədiyimiz və bilmədiyimiz  ancaq, bizim üçün vacib olan başqa məsələ vardır.Əgər imam həzrəti Əli ə.s ətrafdakı insanları oyaq yox , yatmış kimi görə bilirdisə deməli, iki cür yatmaq, iki cür də oyaqlıq var. Biri bizim insanların bildiyi və yaşadığı yatmaq və oyanmaq. Bəs ikincisi hansıdır? Bu sualı aydınlaşdırmağa çalışaq.

Digər canlılardan fərqli olaraq insan maddi aləmdə mövcud olduğu kimi Haqq olan mənəvi aləmdə də mövcud olması vacibdir.Bəs mənəvi aləm nədir? Haqq olan mənəvi aləm nədir? Hər bir insan nəfsi istəkləri və ruhunun tələbinə uyğun fikir və düşüncəyə  malik olaraq öz daxili aləmini, yəni mənəviyyatını formalaşdırır. Bu gün dünyadakı insanların  sayı qədər fərqli mənəviyyat vardır.

Ancaq, Yaradanımız bəşər övladı üçün  vacib olan mənəvi aləmdə tək bircə yol müəyyən edib ki, o yolun başlanğıcı zəlalətdən qurtuluş olub, sonu kamala, ilahi mərifətə, haqq olan mənəviyyata çatdıran siratəl müstəqim, hidayət və nəfsi paklanma yolu adlanır. Otaqda çarpayısında yatan insan maddi aləmdən təcrid olunmuşdur. O, şəxs yatmış adlanır. Yatmaq sözü hər birimizə aydın olduğu üçün imam Həzrəti Əli (ə) siratəl müstəqimdə  hidayət yolunda olmayan insanları  yatmış yatmış kimi adlandırır. “Ölən kimi ayılacaqlar” fikri isə “Quran”ın Qarşılıqlı aldanma (ət-Təğabüt surəsi)  surəsinə uyğundur: Belə ki, insan ölən kimi bəsirət gözünün  önündən bütün pərdələr  qalxar və o, şəxs “ayılar”.(hər şeyin həqiqətini görər)  

Allah c.c “Quran”da buyurur: “Mənim yanımda bəndələrimin qiyməti malı dövləti ilə ölçülmür. Mənə gələn yolda təqvası ilə ölçülür. (başqa sözlə mənəviyyatının dəyəri ilə)” Hər bir kəsin qiyməti onun düşüncələrinin haqq olan düşüncəyə nəzərən dəyərləndirilir. (Əlbəttə Allah yanında). “Quran”da   başqa bir ayədə Allah c.c buyurur: “Hər kəs öz nəfsinin paklanmasının girovundadır.” Bəs bu gün nə üçün dünyada əldə etdiyimiz hər bir şeyin sonunda Yaradanın bizə verəcəyi qiymət nədən asılı olduğunu bilə-bilə bu məsələyə önəm vermirik? Bir daha açıq söyləmək istəyirəm ki, hər birimizin Allah yanında qiyməti nəfsimizin paklanma dərəcəsindən asılı olaraq Allaha yaxınlaşmağımızla ölçülür.İnsan nəfsi nə qədər paklanarsa bir o qədər Allaha yaxınlaşır. İnsan Allaha cismani yaxınlaşa bilməz.(çünki, Allah c.c laməkandır)Bəs yaxınlaşma necə olur?İnsan ruhu ona diriikən tədricən Allaha yaxınlaşaraq qovuşmuş olarsa o insan Allaha yaxınlaşmış  hesab olunur. O, insanın mənəviyyatı isə ən üstün haqq olan mənəviyyatdır. Qaranlıq, zülmət bir meşədə lazım olan məntəqəyə yetişmək üçün fənər işığı lazım olduğu kimi Allaha gedən mənəvi yolu aydınlaşdırmaq üçün  bir işıq (nur) lazımdır.O işığın adı hikmətdir.  Dilimizdə işlədilən hikmət sözünün mahiyyəti və mənasını aydınlaşdırmağa çalışaq. Hikmət Allah tərəfindən insanlara verilən elə bir nemətdir ki, onun təsirindən “Quran” ayələri düzgün mənalandırılır və insan “Quran” elminə , öyüdünə sahib olur. 

Allah c.c “Quran”da buyurur: “Kimə hikmət verilmişsə ona daha nə verilməmişdir?” Həzrəti   İsa (ə.s) : “Həqiqətən hikmət hər bir qəlbin işığıdır.” Həzrəti İsa ə.s papirus kağızı üzərinə belə bir yazı  yazmışdır: “Hikmət mömünün itkisidir, onu mütləq tapmalıdır.”

İnsan hikmət əldə etməsə dərk edə bilməz. Dərk etməsə Allaha yaxınlaşa bilməz. Hətta imam həzrəti Əli ə.s-dən belə bir hədis var: “Dərk etmədiyini tərk etmə.” Hikmət əldə etməyə mane olanlar: Məhəmməd (s.ə.s): “Mədə boş olan vaxt qəlb hikməti qəbul edər,mədə dolu olanda  qəlb hikməti çölə atar.”

İmam Əli (ə): “Şəhvətlə hikmət bir yerə sığmaz.” Maddi aləmdə işıq düşdükdən sonra göz vasitəsi ilə görə bilirik. Ətrafdakı hər şey haqqında bizdə təsəvvür yaranır.(İnsanın bu halı oyaqlıqdır). Mənəvi aləmdə isə milyardlarla yollar, təriqətlər , istiqamətlər vardır. Bu yollardan yalnız biri bizi Allaha yaxınlaşdırır. (Haqq olan mənəviyyat). Bu yolun adı siratəl müstəqim, başqa sözlə hidayət yolu adlanır.İnsan beyni tam formalaşıb ağlı söz kəsəndən cismani gözlə gördüyündən, oxuduğundan əldə etdiyi ağlın hesabına mənəviyyat aləmində bir yol tutur (mövcud ola bilən milyard yollardan birini). Məhz bu səbəbdəndir ki, hər kəs öz daxili aləminə nəzər edib fikirləşəndə dünyada özünə uyğun ikinci insanın olmadığını görür. Bu yolların yalnız biri Allahın təyin etdiyi düz yol, qalanları isə sonu zülmətə aparan batil yollardır.(sonda insanı cəhənnəmə aparan yollar).

“Quran”da Alah-Təala buyurur: “Ya  peyğəmbər. Biz düz yolda olmayanların da qəlbini elə toxdaq edirik ki, onlar da elə bilərlər ki, düzdürlər və düz yoldadırlar. ” Məhz bu səbəbdəndir ki, əksər insanlar maddi aləmdə, nemətlər içərisində özünə lazım olan əsas hədəfi unudub, aldanaraq firəvan, əyləncələrlə yaşamağa üstünlük verirlər. Məqsəd isə Allahdan hikmətlər diləyib Allaha gedən yolunu “işıqlandırıb”, “aydınlaşdırıb”özünü Yaradanına  çatdırmaqdır. “Quran” Şuarə 83. İlahi mənə hikmət bəxş et  və məni salehlərə çatdır.”Quran” Şüarə surəsi ayə-83. Dəyərli yazar Tahir Hüseyn bu məsələyə uyğun gözəl fikir söyləmişdir:

 “İnsanları oyatmırsa hikmətlər,

İnsanları aldadacaq  nemətlər.” 

Əksər vaxt bu olmadığı üçün imam həzrəti Əli ə.s ətrafdakı insanlara yatmış olduqlarını söyləyirdi.  Aydınlaşır ki, maddi aləmdə günəş işığı , elektrik lampasının işığı ətrafımızı işıqlandıraraq bizi kor vəziyyətindən, yatılı vəziyyətindən çıxarır və biz oyaq sayılırıq. Mənəvi aləmdə isə Allahdan gələn hikmət nurunu əldə edərək yolumuzu işıqlandırıb, kamillik zirvəsinə, yolun sonuna çatıb, Yaradanımızı həm “görür”, həm “tanıyır”, həm təslim olur, həm də əsil müsəlman oluruq. Bundan sonra biz həyatda həm oyaq, həm də ayıq sayılırıq. Bu gün millətindən, dini mənsubiyyətindən asılı olmayaraq Yer kürrəsində yaşayan milyardlarla insanların daxilində yer alan  mənəviyyatlar fərqli olduğundan və bir də onların mənəviyyatı haqq olan mənəviyyatdan  getdikcə uzaqlaşması insanlığın itməsinə gətirib çıxarar. Bu səbəbdən dünyamızın düzəlməsini istəyiriksə hər kəs özünü düzəldib, yəni haqq olan mənəviyyata  malik olmalıdır. İnsanın daxili aləmində ən dəyərli  varlıq ruh olduğundan, nəfsi önə gətirib onu qəflətə salmamalıdır. Hər kəs öz ruhunu oyadıb, hikmət nuru ilə işıqlandırıb ruhun əzəli Zatı olan Allaha çatdırıb, bütövləşməli və haqq olan mənəviyyata  sahib olmalıdır. Allahın vacib buyurduğu və bizi əbədi səadətə  çatdıran bu məqama yetişməyin yolunu mənəvi ustadlardan , əxlaq alimlərindən öyrənmək lazımdır.

Bütün insanların daxili aləmi, mənəviyyatı özü üçün qaranlıq, yəni bilgisiz ancaq, Allah üçün aydın və aşkardır.Bəla ondadır ki, insan bu dünyadan köçəndən sonra  hər kəsin həyatda tutduğu yol özünə aydın olacaqdır. Ancaq bir yol var ki, insan diriikən, həyatda ikən niyyəti düz olsa qəlbini Allaha döndərsə, yalnız hikmət vasitəsi ilə yolun sonuna çatıb, yəqin əhli olub, bütün mənəviyyatı özünə qaranlıq yox, işıqlı, aydın görsənər. Məhz bu səbəbdən  hikməti mənəvi  aləmin  işığı kimi  göstərmişəm. Ancaq, bu işıq maddi aləmdəki işq kimi deyildir.

 

 

HAQQ OLAN MƏNƏVİYYAT

 

Bu gün insanlar arasında  yüksək mənəvi  dəyərə malik insan və ya mənəviyatsız insan terminləri çox yez-tez işlədilir. Haqq olan mənəviyyat nədir? Bildiyimiz kimi əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in mənəviyyatı adlandırdığımız haqq olan mənəviyyatın bariz nümunəsidir. Çünki, peyğəmbərimizin əxlaqına mərifətinə daha doğrusu mənəviyyatına Yaradanımız Özü qiymət vermişdir. “Quran”da Allah c.c. buyurur: “Ya Peyğəmbər sən düz yoldasan, qiyamətə kimi bütün insan və cinlərin əxlaq nümunəsisən.”

Deməli, Allaha inamı “Quran”a etiqadı olan hər bir bəşər övladına  vacibdir ki, peyğəmbər əxlaqından ən azından uzaq düşməyib ona yiyələnməlidir. O, əxlaqı heç kəs hədisləri  öyrənməklə qalaq-qalaq  kitab oxumaqla əldə edə bilməz. O əxlaq,  o mənəviyyat Allahın Zatından olan və hər bir bəşər övladında əcəl vaxtına  kimi əmanət olan ruhun fəzilətlərindən doğaraq və insanın davranışında və fəaliyyətində yer alaraq yaranır.

Aydınlıq üçün söyləyim ki, insan anatomik bədənindən başqa eyni ilə həmin bədən quruluşunda nəfsi bədən və ruhi bədənə malikdir. İnsan bu iki göz ilə görünməyən varlığın nəfs və ruhun təsirinə məruz qalır.Əgər ruh mümkün olsaydı ki, yüz faiz qəflətdə qala, nəfs bədəndə hakim ola, yəni bədəndə yüz faiz  nəfs hakim olsa, o şəxsdə insanlıq dəyərləri təmiz itərdi. O, şəxs heyvan xüsusiyyətində yeni bir insan qiyafəsində canlı olardı.Ancaq, bu hal baş vermədiyindən dini mənsubiyyətindən, millətindən asılı olmayaraq hətta bütpərəst Allahı inkar edənlər də fərqli dərəcələrdə mənəvi  insani dəyərlərə malik olurlar. Deməli,bir daha aydınlaşır ki, insana bu və ya digər dərəcədə mənəvi dəyər  verən həmən şəxsin ruhudur. Aydınlaşır ki, ruhun daha çox oyanıb, nəfsdən önə keçməsi  mənəviyyatın yüksəlməsinə gətirib çıxarır. Ruh nə qədər göy qatların qalxarsa bir o qədər nəfs paklaşaraq ruhun fəzilətlərini mənimsəyir.İnsanın ruhu Öz əzili zatına qovuşduqda isə insanın qəlbi genişlənərək kainat boyda olur və nəfs tam paklaşaraq ruh kimi olur. Təsadüfü deyil ki, Allah c.c. bu cür mömin insan haqqında belə buyurur:”Mən küllü kainata sığışmaram, ancaq o cür möminin qəlbinə sığışaram.Nəfs paklanıb ruh kimi olduğundan həmən şəxsin  daxili aləmi-mənəviyyatı “haqq olan mənəviyyata ” çatmış olur və özü isə əsl insanlara salehlərin cərgəsinə qoşulur.”

Bu cüt mənəviyyata malik insanlar “Quran”da Allah dostları adlandırılırlar  və axirətdə mənəviyyatı ən üstün haqq mənəviyyat olan əziz peyğəmbərimiz Məhəmməd s.ə.s. imamlar, şəhidlər, siddiqlər ilə bir yerdə olacaqlar.

Ruhumuzun oyanıb Allaha doğru yol tutaraq Ona qovuşub bütövləşərək hər birimizdə ən üstün haqq olan mənəviyyatın ruhumuzun hansı fəzilətlərindən qaynaqlandığına baxaq. Qeyd edim ki, həzrəti imam Cəfəri Sadiq (ə.s) ruhdakı fəzilətlərin sayının  yetmiş altı sayda  olduğunu göstərmişdir. Yeri gəlmişkən söyləyim ki, yer kürrəsində nə qədər insan varsa əgər onlardan haqqa gedən yola düşən olarsa  Allahın təyin etdiyi yolla gedərlər və əgər sona çatarlarsa  eyni bir mənəvi dəyərlərə malik olarlar.(İlahi mərifətə çatmış insanlar, ümumbəşər mənəvi dəyərə malik insanlar). 

Davamı var