Şəmkirdəki dəhşətli qətlin təfərrüatı: “Qızımı öldürərkən Mübarizə anası da kömək edib” - FOTO

12:00 22-04-2020 512

Şəmkir rayonunda əri tərəfindən boğazı kəsilərək öldürülən 27 yaşlı Nailə Məmmədovanın ailəsi həm istintaqın gedişatından, həm də mətbuatda hadisə barədə yazılanlardan narazıdırlar.

N.Məmmədovanın atası Allahyar Əliyev Qafqazinfo-ya açıqlamasında bildirib ki, kürəkəni Mübariz Məmmədovun qızını öldürməsinin səbəbi başqadır:

“Aprelin 17-də qızımı evimə gətirəndə dedilər ki, Mübarizin anası onunla yola getmir. Həmin gün Mübariz də, anası da gəlmişdi. Heç biri qızımın telefonuna SMS gəldiyini, buna görə mübahisələrinin düşdüyünü deməmişdi”.

A.Əliyev qeyd edir ki, qızı doqquz il əvvəl ailə həyatı qurub:

“Onların yeddi yaşlı oğlu, beş yaşlı qızı var idi. Uşaqlar indi bilmirəm hardadır, yəqin sığınacağa verərlər. Qızımla kürəkənimin mübahisəsi oğlanın anasına görə olub. İkisi bir yerdə qızımı uşaqları ilə gətirib bizə qoydular.

Kürəkənim axşam zəng edib dedi ki, “Ay dayı, gəlirəm, Nailəni kirayə evə aparım”. Dedim, gəl, danışaq. Anası qızımla yola getmirdi deyə, ayrıca evdə qalmaq istəyirdi. Mübariz evin tək uşağıdır, atası da yoxdur. Gəldi bizə, danışdıq. Yoldaşım ərzaq da yığıb qoydu.

Mən Mübarizə dedim ki, əgər yola getmirsinizsə, qızım qalsın burda, koronavirus qurtarandan sonra rəsmi boşanarsınız. Dedi ki, “Yox, ay dayı, qurban olum, o nə sözdür, deyirsən, narahat olma, ayrı evə gedirik, daha yaxşı olacaq”.

Bunlar getdilər, yolda olanda 1-2 dəfə danışdım. Axırıncı dəfə danışanda dedi ki, öz evimizə gəlmişik, maşına “veş” yığırıq. Sonra daha Mübarizin telefonuna zəng çatmadı. Üstündən iki dəqiqə keçəndən sonra Mübarizin qonşusu zəng edib, dedi ki, “içəridə qızı döyüb öldürürlər, uşaqların səsi evlə birdir”.

102-yə zəng edib məlumat verdim, özüm də ora getdim.

Ora çatanda artıq qızımı öldürmüşdülər. Sonradan özlərinə bəraət qazandırmaq üçün guya SMS məsələsini ortaya atdılar. Nailənin bu vaxta kimi ailəsi ilə söz-söhbəti olmayıb. Dekabr ayında Mübariz Şəmkirdə bir qadına ilişmişdi, buna görə qızım boşanmaq istəyirdi. Onda ailələr danışıb məsələni yoluna qoydu. Bir də aprelin 17-də qızımı gətirəndə mübahisələri olmuşdu”. 

Allahyar Əliyev iddia edir ki, qızının öldürülməsinə qayınanası Çiçək də kömək edib:

“Qızımı döyə-döyə işgəncə veriblər ki, nəsə deməlisən. Sifətindən başqa bədəninin hər yeri gömgöy idi. Sonda da arxadan saçından tutaraq dartıb və boğazından bıçaqla kəsib, qalan zərbələri də böyrəklərinin üstündən vurub.

Onların Nailəni öldürmək planları əvvəldən olub, yalandan kirayə evdə qalacaqlarını deyib. Bu işdə Mübarizə anası da kömək edib. Evdə də qızımın öldürülməsinə şərait yaradıb. Qapını da arxadan bağlayıblar.

Mübarizin qızımı buradan götürüb aparması və öldürməsi bir saat ərzində olub. Əvvəldən planları onu öldürmək olub. Anası deyir, uşaqlar çöldə olub, amma qonşu mənə dedi ki, uşaqlar otaqda olub, hadisə vaxtı da qışqırıb ağlayıblar”.