İradə İbrahimova qayınanası ilə canlı efirə çıxdı: “Bunlara satılmışam” - FOTO/VİDEO

09:20 23-04-2020 492

“Zəfər xanım qayınanam deyil, anamdır”.

HerGun.Az xəbər verir ki, bu sözləri 2009-cu ildə ailə qurduqdan sonra Türkiyəyə köçüb, orada müğənnilik fəaliyyətini davam etdirən İradə İbrahimova “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramına “Skype” vasitəsilə qoşularkən deyib.

Sənətçi dünyaya gətirdiyi İpək və Əli adlı övladlarının daha çox ata tərəfinə bənzəməsindən danışıb:

“Uşaqlarımın ikisi də anama (qayınanasını nəzərdə tutur - red.) oxşayır. İlk gündən bu bənzərlik gözümdən qaçmadı”.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızının müğənninin qayınanası Zəfər xanıma ünvanladığı “İradə necə gəlindir?” sualına qarşı tərəf belə cavab verib:

“İradə fövqəladə gəlindir. Biz onunla ana-bala kimiyik. Amma İradədən çox narazıyam. İşinə, həyat yoldaşına və uşaqlarına qarşı çox vasvasıdır. İstəyirəm ki, belə olmasın, özünə də zaman ayırmağı bacarsın”.

Qayınanasının “bəy tərifi”ndən sonra İ.İbrahimova evdə Azərbaycan yeməklərindən daha çox Türkiyə mətbəxinin təamlarını bişirdiyini etiraf edib:

“Qayınanamla birlikdə çiçəklərimizi əkdik, qatıq çaldıq. Evdə birlikdə çox işlər görürük. Yemək bişirəndə ona mütləq sevginizi qatmalısınız ki, süfrəyə qoyduğunuz təam dadlı olsun.

Amma etiraf edim ki, zoğal və moruq mürəbbələrini Bakıdan gətirdirəm. Evdə Azərbaycan deyil, daha çox Türkiyə mətbəxinə üstünlük veririk. Mən bunlara satılmışam (gülür)”. 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ilin may ayının 5-də əslən azərbaycanlı iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün 11 aprel 2010-cu il tarixində İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ilin sentyabrın 9-da isə sənətçi ikinci dəfə ana olub. İ.İbrahimova Əli adlı oğlan övladını dünyaya gətirib.

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.

Rəşad Əliyev