Görkəmli musiqişünas-alimin elmi və pedaqoji fəaliyyətinə həsr olunmuş elmi seminar keçirildi - FOTO

13:20 29-04-2020 759

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası öz iş qrafikinə uyğun olaraq, onlayn rejimdə iclas və seminarlarını davam etdirir. Son iclasda yeni elmi seminarların Bakı Musiqi Akademiyasının qarşıdan gələn 100 illik yubileyinə həsr olunması qərara alınıb. Bu silsilədən olan daha bir elmi seminar aprelin 28-də keçirilib. 

Seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Məmmədsaleh İsmayılovun elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor M.S.İsmayılovun elmi və pedaqoji fəaliyyəti Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” (hazırda “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar”) kafedrasının fəaliyyəti və onun elmi-tədris nailiyyətləri ilə sıx bağlı olub. Alim-pedaqoq uzun illər bu kafedraya rəhbərlik edib. 

A.Abduləliyev M.S.İsmayılovun elmi yaradıcılığına üç istiqamətdə yanaşıb: 

1. Ənənəvi musiqiyə dair janr nəzəriyyəsi, onun tədqiqi və tədrisi; 

2. Azərbaycan milli məqam nəzəriyyəsinə dair yeni tədqiqatlar, məqam nəzəriyyəsinin inkişaf etdirilməsi, məqamların tədrisinə yeni metodikanın daxil olunması; 

3. Musiqi folklorşünaslığı. 

Seminarda bu sahələrin hər biri üzərində dayanılmış, görkəmli alimin məqalələri, monoqrafiyaları, dərs vəsaiti, 1930-1940-cı illərdə topladığı folklor materiallarının əlyazmaları haqqında əyani məlumatlar verilib.

Məruzəçi professor M.S.İsmayılovun istər ənənəvi musiqinin janrlarının öyrənilməsi, istər milli məqam nəzəriyyəsinin inkişafı və tədrisi istiqamətində elmi-nəzəri, elmi-metodik yeniliklərini göstərib, alim-pedaqoqun musiqişünaslığın və etnomusiqişünaslığın inkişafında rolundan və əhəmiyyətindən bəhs edib. 

Seminarda BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları, elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə iştirak edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.