Tapılan batmış ən məşhur qədim gəmilər – TOP 10

09:00 02-05-2020 498

Tarix boyu dəfinə tapmaq üçün batmış gəmilərin axtarışına çıxan insanlar çox olub. Müasir  texnologiyalar isə dənizlərin dərinliklərinə enərək xəzinəni çətin yerlərdə də axtarmağa imkan verir.  

Beləliklə, dəfinə axtaranlar tərəfindən tapılmış ən məşhur 10 batmış gəmi haqqında danışacağıq:

Antikiter gəmisi

Yunanıstanın Antikiter adasının yaxınlığında e.ə. I əsrin əvvəlində batmış bu qədim gəmi yunan ekspedisiyası tərəfindən 1900-cü ildə tapılıb. 1902-ci ilə qədər gəmidən çoxlu xırda əşyalardan savayı, “filosofun başları”, oğlan, diskatan, “Antikiter efebi”, Herakl, mərmər öküz heykəlləri və bürünc lira çıxarılmışdı.

Ən məşhur tapıntı isə 1902-ci il mayın 17-də arxeoloq Valerios Stais tərəfindən aşkar edilmiş antikiter mexanizmidir.  O, uzun müddət ərzində qədim mexaniki saat hesab olunurdu. Lakin indi belə bir fikir yayılıb ki, bu, kompüterin analoqu olub.

“Nuestra Señora de Atocha”

Bu ispan gəmisi fırtına nəticəsində Florida sahillərində 6 sentyabr 1622-ci ildə batıb. Gəmi İspaniyaya qızıl və gümüş külçələr, ümumi çəkisi 40 tondan çox olan gümüş sikkələr, həmçinin tütün, mis, silah və zinət əşyaları daşıyırdı. Qaleonun batmasının dəqiq yeri çoxillik axtarışlardan sonra 20 iyul 1985-ci ildə Melom Fişer tərəfindən tapılıb. Suyun dibindən 450 milyon dollar dəyərində dəfinə qaldırılıb.

“Queen Anne’s Revenge”

“Kraliça Annanın qisası” adlı gəmi 1710-cu ildə “Konkord” adı altında inşa edilib. 1713-cü ildə gəmi İspaniyaya satılıb və sonra Fransanın mülkiyyətinə keçib. 1717-ci ildə Qara Saqqal ləqəbli əfsanəvi dəniz qulduru  gəmini ələ keçirərək onu əlavə toplarla təchiz edib və gəminin adını “Kraliça Annanın qisası” qoyub. 1718-ci ilin iyun ayında isə gəmi Şimali Karolina yaxınlığında saya oturub.
2012-ci ilin aprelində məlum olub ki, amerikalı arxeoloqlar batmış “Kraliça Annanın qisası”nı aşkar ediblər və onun suyun dibindən qaldırılması üzərində işləyirlər. Gəmidən 30-dan çox top və 250 min artefakt çıxarılıb.

“Uida”


“Uida” gəmisi məşhur dəniz qulduru Qara Sem Bellamiyə məxsus olub. O, 1715-ci ildə Londonda suya salınaraq Afrikadan qul gətirilməsində istifadə olunurdu. Gəmidə quldurluq tarixində ən böyük dəfinə (müasir ekvivalentdə 6-8 milyon dollara müvafiqdir) yığılmışdı. “Uida”da 4,5 ton xəzinə sığışa bilirdi. Gəmi fırtınaya düşüb və riflərə çırpılaraq dağılııb. Nəticədə çoxlu insan həlak olub. “Uida” 1982-ci ildə tapılıb. Gəminin göyərtəsində çoxlu qiymətli artefakt və pul aşkar edilib.

“La Belle”

Fransanın “La Belle” gəmisi 1684-cü ildə “LaSalle” şirkətinə məxsus üç digər gəmi ilə birlikdə, ərazini müstəmləkəyə çevirmək ümidi ilə göyərtəsində 300 nəfərlə Missisipi çayı boyu üzməyə başlayıb. Gəmi fırtına zamanı batıb və 1995-ci ildə dəniz arxeoloqları tərəfindən aşkar edilib.

Gəminin göyərtəsində alətlər, satmaq üçün nəzərdə tutulmuş mallar, silahlar, şəxsi əşyalar da daxil olmaqla nadir və çox qiymətli artefatklar tapılıb.

“Vasa”

Bu İsveç döyüş gəmisi suya 1628-ci ildə buraxılmışdı. O, öz dövrünün İsveç donanmasının ən iri gəmisi olub.  Lakin konstruksiyasında buraxılan səhvlərə görə gəmi çevrilərək batmışdı. “Vasa” 1961-ci ildə suyun dibindən qaldırılaraq bərpa edilmişdi və hazırda məxsusən onun üçün tikilmiş muzeydə yerləşdirilib. Bu, XVII əsrin əvvəlindən indiyə qədər qalmış dünyada yeganə yelkənli gəmidir.

“Mary Rose”

“Mary Rose” Kral VIII Henrixin dövründə İngiltərə hərbi donanmasının flaqmanı idi. Gəmi 1510-cu ildə Portsmutda suya salınmışdı.

Fransızlarla 1545-ci ildə gedən döyüşdə artilleriya ilə aşırı yüklənmiş gəmi əyilərək su ilə dolmağa başlayıb. “Mary Rose” heyətin əskəriyyəti ilə birlikdə suyun altına gedib. Heyət üzvlərindən cəmi 35 nəfər xilas ola bilib.

1982-ci ildə batmış artefaktların əksər hissəsi və gəminin qalıqları suyun altından qaldırılıb.

“Batu-Hitam”

Bu ərəb ticarət gəmisi 1200 il əvvəl müasir İndoneziyanın yaxınlığında batıb.  O, 1998-ci ildə xəzinə axtaran tərəfindən tapılıb. “Batu-Hitam”ın göyərtəsində qızıl, gümüş və keramikadan 63 min predmet aşkar edilib.  

Bütün artefaktlar VII-X əsrlərdə Çində hakimiyyətdə olan Tan sülaləsinin dövründə hazırlanıblar.

XII əsrdə Koreya yaxınlığında batmış gəmi

Cənubi Koreya arxeoloqları 2007-ci ildə XII əsrdə batmış, göyərtəsində əla vəziyyətdə saxlanılmış Koreya farforunun kolleksiyası olan gəmi tapdıqlarını elan ediblər. Kolleksiyaya 2500-dən artıq fincan, qab, piyalə daxildir. Xəzinənin ümumi dəyəri açıqlanmır.

“Gribshunden”

“Gribshunden” orta əsrlərin Danimarka gəmisidir. O, İsveçin yaxınlığında 1495-ci ildə batıb. 1970-ci ildə aşkar olunsa da, gəminin araşdırılması üzrə işlər 2015-ci ildən başlayıb. Onun göyərtəsində silah, şəxsi əşyalar və paltar da daxil olmaqla, çoxlu maraqlı və qiymətli artefaktlar tapılıb.